Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanı ilə nüvə enerjisi sahəsində əməkdaşlığa dair yeni sazişi təsdiqlədiyi bildirilir.
Banco.az xəbər verir ki, Associated Press (AP) agentliyinin iki mənbəyə istinadən yaydığı məlumata görə, 30 il müddətini əhatə edən razılaşma Səudiyyə Ərəbistanına uran zənginləşdirmə imkanları verə biləcək nüvə texnologiyalarının birgə istifadəsini və proqramın hazırlanmasında ABŞ şirkətlərinin iştirakını nəzərdə tutur.
Mənbələrin sözlərinə görə, saziş ABŞ və Səudiyyə Ərəbistanının birgə tədqiqatlarından sonra krallıqda uran zənginləşdirmə müəssisəsinin yaradılmasına zəmin yarada bilər.
Bununla yanaşı, xəbərdə qeyd olunur ki, razılaşmaya nüvə materiallarının silah proqramlarında istifadəsinin qarşısını almaq üçün Vaşinqtonun daha əvvəl vacib hesab etdiyi təhlükəsizlik təminatları daxil edilməyib.
Ağ Ev isə hələlik belə bir sazişin təsdiqləndiyini rəsmi şəkildə təsdiqləməyib.
