Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ-da Donald Tramp administrasiyası 2027-ci maliyyə ili üçün rekord həcmdə hərbi büdcə istəyib.
Banco.az xəbər verir ki, sənədə əsasən, 1 oktyabrdan başlayacaq yeni maliyyə ili üçün dövlət xərclərinin əsas istiqamətləri müəyyənləşdirilib.
Təklifə görə, 2027-ci maliyyə ilində diskresion xərclər 1,8 trilyon dollar, məcburi xərclərlə birlikdə isə ümumi büdcə 2,2 trilyon dollar səviyyəsində planlaşdırılır.
Büdcədə ən diqqətçəkən məqam müdafiə xərclərinin kəskin artırılmasıdır. Belə ki, müdafiə sahəsinə 1,5 trilyon dollar ayrılması nəzərdə tutulur. Bu, 2026-cı maliyyə ili ilə müqayisədə 42 faiz və ya 445 milyard dollar çoxdur.
Eyni zamanda, qeyri-müdafiə xərclərinin 73 milyard dollar azaldılması planlaşdırılır ki, bu da administrasiyanın prioritetlərinin əsasən təhlükəsizlik və hərbi gücün artırılmasına yönəldiyini göstərir.
Qeyd edək ki, bu büdcə təklifi Konqresdə müzakirə olunmalı və təsdiqlənməlidir. Analitiklər hesab edir ki, müdafiə xərclərinin bu qədər artırılması həm daxili siyasi debatlara, həm də beynəlxalq təhlükəsizlik mühitinə ciddi təsir göstərə bilər.
