Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ-ın Florida ştatında yaşayan xristian din xadimi (pastor) Skott Uinters süni intellekt şirkəti "OpenAI" və onun baş direktoru Sem Altmana qarşı məhkəmə iddiası qaldırıb.
Banco.az xəbər verir ki, Kaliforniya ştat məhkəməsinə təqdim olunan iddiada Uinters "OpenAI" və Altmanı ChatGPT-nin verdiyi sağlamlıqla bağlı cavablar səbəbindən səhlənkarlıqda və icazəsiz tibbi fəaliyyət göstərməkdə ittiham edib.
İddiaya görə, Uinters 2024-cü ildə səhhəti ilə bağlı problemlər barədə ChatGPT-dən məlumat alıb. Əvvəlcə chatbot ona həkimə müraciət etməyi tövsiyə etsə də, sonrakı yazışmalarda bu xəbərdarlıqlar azalıb və süni intellekt sistemi ona birbaşa məsləhətlər verməyə başlayıb.
Məhkəmə sənədində iddia olunur ki, ChatGPT Uintersə vəziyyətinin təhlükəli olmadığı barədə yanlış təsəlli verib və bu, onun tibbi yardım almağı gecikdirməsinə səbəb olub. İddiaya əsasən, Uinters daha sonra ağciyər emboliyası səbəbilə ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Məlumata görə, iddiada ChatGPT-nin təhlükəsizlik mexanizmlərinin kifayət qədər effektiv olmadığı və sağlamlıqla bağlı cavabların istifadəçiləri yanlış istiqamətləndirə biləcəyi vurğulanır.
"OpenAI" şirkətinin nümayəndəsi bildirib ki, ChatGPT-nin istifadə şərtlərində onun xəstəliklərin diaqnostikası və müalicəsi üçün istifadə edilməməli olduğu açıq şəkildə qeyd olunub. Şirkət əlavə edib ki, sağlamlıqla bağlı suallara verilən cavabların daha təhlükəsiz və məsuliyyətli olması üçün sistemlərin təkmilləşdirilməsi üzərində çalışır.
