"Süd və ət məhsullarının idxaldan asılılığı azaldılacaq" | Banco.az

"Süd və ət məhsullarının idxaldan asılılığı azaldılacaq"

Süd və ət məhsullarının idxaldan asılılığı azaldılacaq.

Banco.az xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova "Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilən Mil-Muğan iqtisadi rayonu üzrə regional müşavirədə deyib.

Onun sözlərinə görə, heyvandarlıq da Dövlət Proqramının əsas istiqamətlərindən biridir: "Xüsusilə iribuynuzlu heyvandarlıq sektorunda süd və mal əti istehsalının artırılması, cins heyvanların sürüdə payının yüksəldilməsi, idxaldan asılılığın azaldılması və özünütəminetmə səviyyəsinin yaxşılaşdırılması əsas hədəflər kimi müəyyən olunub".

İ. Qədimova qeyd edib ki, 2030-cu ilədək süd istehsalının 10 %, mal əti istehsalının isə 20 % artırılması nəzərdə tutulur: "Eyni zamanda cins heyvanların ümumi sürüdə payının 10 %-ə çatdırılması planlaşdırılır. Proqram çərçivəsində süd idxalının 49,6 %, mal əti idxalının isə 40,2 % azaldılması qarşıya məqsəd kimi qoyulub. Özünütəminetmə səviyyəsinin süd üzrə 8,5 %, mal əti üzrə isə 11,5 % yüksəldilməsi hədəflənir. Bu məqsədlərə nail olmaq üçün südlük və ətlik heyvandarlıq klasterlərinin yaradılması nəzərdə tutulur. Klasterlər çərçivəsində müxtəlif tutuma malik 1000-ə yaxın yeni təsərrüfatın formalaşdırılması və onların cins damazlıq heyvanlarla təmin edilməsinin dəstəklənməsi planlaşdırılır".

Bundan əlavə, nazir nüavini bildirib ki, 90 süd toplama və 15 dəri toplama məntəqəsinin yaradılmasına dəstək veriləcək: "Bu tədbirlər heyvandarlıqda yalnız istehsalın deyil, eyni zamanda tədarük, emal və satış zəncirinin formalaşdırılmasına xidmət edəcək. İribuynuzlu heyvanların tam identifikasiyasının aparılması da mühüm istiqamətlərdən biridir. Heyvanların identifikasiyası xəstəliklərə nəzarətin gücləndirilməsi, damazlıq işinin səmərəli təşkili, məhsuldarlığın izlənilməsi və subsidiyaların şəffaf tətbiqi baxımından xüsusi əhəmiyyət daşıyır".

O vurğulayıb ki, yem istehsalının müasir texnika və texnologiyalarla təminatının yaxşılaşdırılması da sektorun inkişafı üçün əsas şərtlərdən hesab olunur: "Çünki heyvandarlıqda məhsuldarlıq yalnız heyvanın cinsindən asılı deyil. Güclü yem bazası olmadan yüksək məhsuldar cins heyvanlardan belə gözlənilən nəticəni əldə etmək mümkün deyil. Buna görə də yemçilik, su təminatı, baytarlıq xidməti və təsərrüfat idarəçiliyi kompleks şəkildə inkişaf etdirilməlidir. Bu sahədə damazlıq heyvan subsidiyalarının və heyvandarlıq məhsulları üzrə subsidiya mexanizmlərinin tətbiqi nəzərdə tutulur. Həmin dəstək tədbirləri fermerləri daha məhsuldar heyvan cinslərinə keçməyə, süd və ət istehsalını artırmağa, eləcə də təsərrüfatlarını daha intensiv və səmərəli model əsasında inkişaf etdirməyə təşviq edəcək".

report