Elə hallar olur ki, işaxtaran müsahibəyə gedir və onu kiçik bir otaqda tək qoyub 10-15 dəqiqədən sonra qayıdırlar (İş nisbətən qapalı məkanda, kiçik bir otaqda uzun müddət qalmağı özündə ehtiva etdiyi üçün və s. səbəblərə görə ola bilər). Ya da müsahibə əsnasında namizədi gərginləşdirəcək suallar verirlər. Bu taktika namizədlərin güclü emosional təzyiqlərə məruz qalması və rahatlıq vəziyyətindən çıxması üçün tətbiq olunur.
Həmçinin oxu: İş müsahibələrində yol verilən 6 KOBUD SƏHV
Stresli müsahibələri xarakterizə edən cəhətlər nələrdir?
- Çox gözlətmək
- Həddən artıq çox sual
- Müsahibə zamanı davamlı müdaxilə
- Çox sayda müsahibin olması
- İşlə əlaqəli olmayan gülünc suallar
- Namizədin şəxsi həyatı ilə bağlı suallar
- Sualların və müzakirələrin xarakterində kəskin dəyişiklik
- Əlverişsiz otaq
- Xarici dilə keçid
- Namizədin qabiliyyətinə şübhə
- Kobudluq
Bütün bunlar nəyə lazımdır?
İşəgötürən ərizəçinin gərgin situasiyalarda necə davrandığını görmək istəyir. Bu vəziyyətlər əmək fəaliyyətində yarana bilər, buna görə də HR-mütəxəssislər müxtəlif qeyri-standart ssenariləri əvvəlcədən hazırlayır və namizədi müşahidə edirlər. Bu, işəgötürənə konflikt səviyyəsini, işaxtaranın emosional intellektini, idarəetmə keyfiyyətlərini və ya tamamilə və qeyd-şərtsiz tabe olmağa hazırlığını qiymətləndirməyə kömək edir. Müsahibə gərgin keçməyə də bilər. Lakin yenə də hər cür vəziyyətə hazırlaşmaq tövsiyə olunur. Unutmayın ki, necə keçirsə keçsin, müsahibə sadəcə potensial işəgötürənlə tanışlıqdır. Üstəlik, müsahibə yalnız sizin üçün deyil, həm də işəgötürən üçündür. Odur ki, çəkinmədən suallarınızı verin, qaranlıq qalan məqamları aydınlaşdırın, CV göndərdiyiniz şirkət və orada iş proseslərinin təşkili ilə maraqlanın. Bundan əlavə, aşağıda göstərilən məsləhətlərə əməl etməyə çalışın ki, istənilən müsahibəni minimal streslə başa vurasınız.
Həmçinin oxu: İş müsahibəsində nələri gizlətmək lazımdır?
Müsahibədə necə davranmaq olar?
- Şəxsi sərhədlərinizi bilin və pozulmasına imkan verməyin.
- Sakit və təmkinli olun, əsəbləşməyin.
- Baş verən hər şeyə yumor hissi və özünütənqid ilə yanaşın.
- Olduğunuzdan daha ağıllı görünməyə çalışmayın.
- Lal-dinməz durmayın, müzakirəyə qoşulun. Çox vaxt düzgün və ya yanlış cavab olmur, düşüncə tərzi daha əhəmiyyətlidir.
- Aydınlaşdırıcı suallar verin.
- Qarşı tərəfin fikri ilə razılaşmadıqda bunu bildirin.
- Təxribatlara aldanmayın.
- Qarşıdurma mövqeyini tutmayın.
- Seçim azadlığının olduğunu unutmayın.
- Söhbəti konstruktiv istiqamətə çevirməyə çalışın.
Nigar Umaxanlı, Banco.az
Bizi sosial şəbəkələrdən izləyin!!