Müəllif: Tamara Mustafayeva, Banco.az
Pərakəndə satış nəhəngi “Walmart” ilk nüvə enerjisi müqaviləsini imzalayıb.
Banco.az xəbər verir ki, ABŞ-ın enerji şirkəti “Constellation” ilə pərakəndə ticarət nəhəngi “Walmart” uzunmüddətli nüvə enerjisi təchizatına dair müqavilə imzaladıqlarını açıqlayıblar.
“Constellation” tərəfindən verilən məlumata görə, müqavilə əlavə 30 meqavatlıq güc artımı da daxil olmaqla, ümumilikdə 176 meqavat həcmində topdansatış elektrik enerjisi təchizatını əhatə edir. Elektrik enerjisinin alışının 2029 və 2030-cu illərdə başlayacaq iki ayrı 15 illik dövr ərzində həyata keçiriləcəyi bildirilib.
Açıqlamada qeyd olunub ki, ABŞ-ın İllinoys ştatında yerləşən Drezden nüvə obyektində aparılacaq təkmilləşdirmələr sayəsində yeni elektrik stansiyasının tikintisinə ehtiyac qalmadan mövcud reaktorların istehsal gücü və səmərəliliyi artırılacaq.
Bildirilib ki, bu investisiya nəticəsində əldə olunacaq yeni və təmiz enerji “Walmart”ın yenə də İllinoys ştatında tikintisi davam edən yüksək texnologiyalı yeni paylama mərkəzinin enerji tələbatını qarşılayacaq.
Müqavilənin “Walmart”ın daha təmiz enerji mənbələrinə çıxış imkanlarını genişləndirməklə yanaşı, yerli enerji infrastrukturunun gücləndirilməsinə də töhfə verəcəyi gözlənilir.
Açıqlamada vurğulanıb ki, bu, “Walmart”ın ilk nüvə enerjisi təchizatı müqaviləsidir. Həmçinin qeyd olunub ki, sözügedən razılaşma ABŞ-da iri pərakəndə ticarət şirkəti ilə nüvə enerjisi obyekti arasında bağlanan ilk müqavilələrdən biri kimi tarixə düşüb.
Bizi sosial şəbəkələrdən izləyin!!
