“PAŞA Sığorta” Açıq Səhmdar Cəmiyyəti 2025-ci ili əhatə edən maliyyə hesabatlarını təqdim edib. Hesabata əsasən, ölkənin aparıcı sığorta şirkətlərindən biri olan “PAŞA Sığorta” maliyyə sabitliyini qoruyaraq əsas göstəricilər üzrə artım tendensiyasını davam etdirib.
2025-ci ilə dair mənfəət və zərər hesabatına əsasən, şirkətin cəmi gəlirləri 348 milyon 451 min 121 manat təşkil edib. Bu, 2024-cü illə müqayisədə 1 milyon 514 min 410 manat və ya təqribən 0,44% artım deməkdir.
Hesabat dövründə “PAŞA Sığorta”nın əsas əməliyyat gəlirləri 10,77% və ya 34 milyon 685 min 436 manat artaraq 356 milyon 864.5 min manata yüksəlib. Şirkətin gəlirlərində əhəmiyyətli paya malik olan investisiya gəlirləri isə 22 milyon 46,5 min manat təşkil edib ki, bu da illik müqayisədə 11,92% və ya 2 milyon 348,3 min manat artım deməkdir.
Digər əhəmiyyətli artım subroqasiya gəlirlərində müşahidə edilir – bu göstərici 2024-cü il ilə müqayisədə 28,3% artaraq 2 milyon 427,4 min manata çatıb. 2025-ci ilin yekunlarına əsasən “PAŞA Sığorta”nın xalis mənfəəti 39 milyon 331 min 043 manat təşkil edib.
Hesabat dövrünün sonunda şirkətin cəmi investisiyaları 249,2 milyon manata çatıb ki, bu da 2024-cü ilin sonu ilə müqayisədə 25,7 milyon manat və ya 11,5% çoxdur.
Şirkət xərclərin optimallaşdırılması istiqamətində də müsbət nəticələr əldə edib. Belə ki, 2025-ci ildə ümumi xərclər 299 milyon 413 min 662 manat təşkil edib. Bu xərclərin əsas hissəsini 222 milyon 628 min 421 manat olmaqla əməliyyat xərcləri təşkil edib. Hesabat dövründə sığorta ödənişləri 140 milyon 673 min 165 manata, işlərin aparılması xərcləri isə 76 milyon 598 min 870 manata bərabər olub.
2025-ci ildə şirkətin maliyyə mənfəəti də artım nümayiş etdirərək təxminən 2 milyon manat yüksələrək 49 milyon 37,5 min manata çatıb. Eyni zamanda, dövlət büdcəsinə ödənilən mənfəət vergisi əhəmiyyətli dərəcədə artaraq 91,48% yüksəlişlə 9 milyon 706 min 416 manata çatıb.
Maliyyə vəziyyətinə dair əsas göstəricilər də artım tempinin davam etdiyini göstərir. Belə ki, 2025-ci il ərzində “PAŞA Sığorta”nın cəmi aktivləri 9,71% artaraq 385 milyon 456,9 min manata, cəmi öhdəlikləri 11,96% artaraq 290 milyon 304 min 72 manata, cəmi kapitalı isə 3,39% artaraq 95 milyon 152 min 779 manata yüksəlib.
