Müəllif: Tamara Mustafayeva, Banco.az
İƏİT polad sənayesi üçün enerji və Çin xəbərdarlığı edib.
Banco.az xəbər verir ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (iəit) tərəfindən yayımlanan “Polad Perspektivləri 2026” hesabatında bildirilib ki, polada tələbatın azalmasına baxmayaraq, qlobal istehsal gücü sabit şəkildə artmaqda davam edir. Bu vəziyyət isə istehsal gücündən istifadə səviyyəsini dayanıqlı hesab olunan göstəricilərdən xeyli aşağı salır.
Hesabatda vurğulanıb ki, polad demək olar ki, bütün sənaye fəaliyyətləri üçün əsas xammaldır və bir çox strateji sahələrdə həlledici əhəmiyyət daşıyır. Qeyd olunub ki, qlobal istifadə olunmayan istehsal gücü ötən il 640 milyon tona çatıb və bu göstəricinin 2028-ci ilə qədər 745 milyon tona yüksələcəyi gözlənilir.
Sənəddə bildirilib ki, bu proqnoz istifadə olunmayan istehsal gücünün ötən il qeydə alınmış təxminən 1 milyard 800 milyon tonluq ümumi qlobal polad tələbatının üçdə birindən çoxuna bərabər olacağına işarə edir. Eyni zamanda, qlobal polad tələbatının 2030-cu ilə qədər ildə orta hesabla cəmi 0,9 faiz artacağı gözlənilir.
Əsasən sənayeləşmiş 38 ölkəni birləşdirən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının hesabatında qeyd olunub ki, qlobal polad istehsalı üzrə artıq gücün 54 faizi Çinin payına düşür.
Hesabatda həmçinin bildirilib ki, Çin beynəlxalq bazarları dempinq qiymətləri ilə satılan və dövlət dəstəyi alan ixrac məhsulları ilə doldurur.
Bizi sosial şəbəkələrdən izləyin!!
