Müəllif:Mehin Qasımova,Banco.az
Pakistanın müdafiə naziri Xavaca Asif Yəməndə İran tərəfindən dəstəklənən husilərin hücumlarından sonra bölgədə vəziyyətin Məkkə Qarşılıqlı Müdafiə Müqaviləsinin tətbiqini zəruri edən mərhələyə çatdığını bildirib.
Xavaca Asif qeyd edib ki, husilərin müqəddəs Məkkə şəhərini dronlarla hədəfə almağa cəhd etməsi fonunda vəziyyət kritik həddə çatıb.
“Məkkə Müqaviləsi bizə də aiddir və biz öz vəzifəmizi yerinə yetirəcəyik”, – deyə nazir bildirib.
Asif Pakistanın müqəddəs məkanların qorunması üçün ayrıca razılaşmaya ehtiyac duymadığını da vurğulayıb. Onun sözlərinə görə, Məkkəyə hücum olacağı təqdirdə Pakistan bu müqəddəs məkanı qorumağı öz vəzifəsi hesab edir.
Nazir Məkkə Birgə Müdafiə Sazişinin üç ölkədən hər hansı birinin ərazi bütövlüyünün və ya sərhədlərinin pozulması halında qarşılıqlı müdafiəni nəzərdə tutduğunu bildirib. O, sazişin tətbiqi ilə bağlı “heç bir qeyri-müəyyənliyin” olmadığını qeyd edib.
Xavaca Asif Pakistanın hərbi və müdafiə strategiyasının təfərrüatlarını açıqlamayacağını, lakin İslamabadın saziş üzrə öhdəliklərinə sadiq olduğunu bildirib.
Pakistanlı nazir Səudiyyə Ərəbistanının husilərin ölkəyə hücumları ilə bağlı narahatlığının İrana çatdırıldığını da açıqlayıb.
Asif İranın dövlət səviyyəsində husiləri regionda yeni cəbhə açmağa təşviq edəcəyinə inanmadığını deyib. Onun sözlərinə görə, İran artıq regiondakı münaqişədə iştirak edir və yeni cəbhənin açılması ehtimalı minimaldır.
Nazir əlavə edib ki, Pakistan münaqişənin digər bölgələrə yayılmasının və daha geniş eskalasiyanın qarşısını almaq üçün səylərini davam etdirəcək.
Xatırladaq ki, ötən ay Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı Məkkədə üçtərəfli müdafiə müqaviləsi imzalayıb. Sazişə əsasən, üç ölkədən hər hansı birinə qarşı həyata keçirilən silahlı hücum hər üç ölkəyə qarşı hücum kimi qiymətləndirilir.
