"OPEC+" ölkələri mayda gündəlik neft hasilatını 206 min barel artıracaq | Banco.az

"OPEC+" ölkələri mayda gündəlik neft hasilatını 206 min barel artıracaq

Müəllif:Mehin Qasımova,Banco.az

OPEC+-in səkkiz aparıcı ölkəsi may ayında neft hasilatını aprel ayı səviyyəsi ilə müqayisədə gündəlik 206 min barel artırmaq qərarına gəlib.

Banco.az xəbər verir ki,təşkilatın açıqlamasında bildirilir ki, iştirakçı dövlətlər gündəlik 1,65 milyon barel həcmində tətbiq olunan könüllü hasilat azaldılmasının bazar şərtlərindən asılı olaraq tədricən və ya tam şəkildə bərpa edilə biləcəyini təsdiqləyiblər.

OPEC+ vurğulayıb ki, qlobal bazardakı dəyişikliklər diqqətlə izləniləcək və sabitliyin qorunması üçün ehtiyatlı siyasət davam etdiriləcək. Bildirilib ki, zərurət yaranacağı təqdirdə planlaşdırılan hasilat artımları dayandırıla və ya geri qaytarıla bilər.

Beləliklə, Rusiya Federasiyasının 2026-cı ilin may ayında neft hasilatı kvotası, neftin həddindən artıq istehsalına görə kompensasiya istisna olmaqla, gündəlik 9,699 milyon barel, Səudiyyə Ərəbistanının gündəlik 10,228 milyon barel, İraqın gündəlik 4,326 milyon barel, BƏƏ-nin gündəlik 3,447 milyon barel, Küveytin gündəlik 2,612 milyon barel, Qazaxıstanın gündəlik 1,589 milyon barel, Əlcəzairin gündəlik 983 min barel və Omanın gündəlik 821 min barel təşkil edir.

OPEC+ səkkizliyi may ayında neft hasilatını mart ayı ilə müqayisədə gündəlik 181 min barel artıra biləcək. OPEC+ G8-in növbəti görüşü mayın 3-də keçiriləcək.