Nvidia-nın baş direktorunun dəri gödəkçəsi hərracda 960 min dollara satıldı | Banco.az

Nvidia-nın baş direktorunun dəri gödəkçəsi hərracda 960 min dollara satıldı

Müəllif:Mehin Qasımova,Banco.az

"Nvidia" şirkətinin baş direktoru Jensen Huangın uzun illərdir geyindiyi dəri gödəkçələrdən biri hərracda 960 min dollara satılıb.

Banco.az xəbər verir ki, Sotheby's tərəfindən təşkil olunan hərracda satışa çıxarılan imzalı Tom Ford gödəkçəsinin ilkin olaraq 40–60 min dollar arasında alıcı tapacağı gözlənilsə də, yekunda qiyməti gözləntiləri dəfələrlə üstələyib.

"Jensen Gödəkçəsi" adı ilə təqdim olunan geyim Huangın liderlik üslubunu simvolizə edən əşyalar sırasında nümayiş etdirilib. O, "Nvidia" rəhbəri tərəfindən 18 oktyabr 2023-cü ildə Taypeydə keçirilən texnologiya tədbirində geyinilib və Professional Sports Authenticator (PSA) tərəfindən orijinallığı təsdiqlənib. Gödəkçədə həmçinin Jensen Huangın imzası da yer alıb.

Hərracdan əldə olunan bütün vəsait texnologiya, elm və mədəniyyət sahələrində fəaliyyət göstərən gənc sahibkarları dəstəkləyən Edge Institute-a bağışlanacaq.

Qeyd edək ki, sözügedən Tom Ford dəri gödəkçəsi 2023-cü il kişi kolleksiyasında təxminən 9 min dollar qiymətinə satışa çıxarılmışdı. Lakin Jensen Huang tərəfindən istifadə edilməsi və imzalanması onun dəyərini təxminən 1 milyon dollara yüksəldib.