Müəllif:Ayşən İmanovas/Banco.az
Niderland təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əlaqədar müdafiəyə əlavə 716 milyon avro ayıracaq.
Banco.az xəbər verir ki, bunu ölkənin müdafiə naziri Ruben Brekelmans deyib.
"Təhlükələrin artması səbəbindən hökumət hava hücumundan müdafiə, innovasiya, daha uzun yerləşdirmə imkanları və milli təhlükəsizliyimizə əlavə 716 milyon avro sərmayə qoyacaq", - deyə o “X” hesabında yazıb.
Nazirin sözlərinə görə, bununla da Niderland müdafiə xərclərini NATO standartına uyğunlaşdırır ki, bu da bu rəqəmin ÜDM-in ən azı 2%-ni təşkil etməsini nəzərdə tutur.
Krallığın müdafiə departamentinin saytında dərc olunan məlumatda qeyd olunur ki, ölkə 105 milyon avroya əlavə Patriot və NASAMS buraxılış qurğuları, yer-hava raketləri və elektron döyüş avadanlıqları almağı planlaşdırır.
Daha 117 milyon avro süni intellekt texnologiyalarının Hollandiya silahlı qüvvələrinə inteqrasiyasına, o cümlədən elektron müharibə və rabitə sistemləri sahəsinə xərclənəcək. 151 milyon avro sərhəd nəzarətini və Kral Hərbi Polisini gücləndirmək üçün istifadə olunacaq.
Əlavə olaraq qeyd edilir ki, ən böyük məbləğ - 343 milyon avro silahlı qüvvələrin əməliyyat hazırlığının və yerləşdirilməsinin effektivliyinin artırılması, eləcə də sursat ehtiyatının artırılması üçün ayrılacaq.