Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ-da inflyasiya göstəricilərinin gözləniləndən yüksək açıqlanması mis və digər əsas metalların qiymətlərinə təzyiq göstərib.
Banco.az xəbər verir ki, investorların Federal Ehtiyat Sisteminin (Fed) faiz dərəcələri ilə bağlı siyasətini sərtləşdirə biləcəyinə dair gözləntilərinin artması nəticəsində London Metal Birjasında (LME) mis fyuçersləri ucuzlaşıb.
Mis üzrə fyuçers müqavilələrinin qiyməti 0,7%-dək azalıb. Dolların möhkəmlənməsi və riskli aktivlərə ümumi təzyiq digər əsas metalların da qiymətinin aşağı düşməsinə səbəb olub.
Treyderlər son inflyasiya məlumatlarından sonra Fed-in bu həftə keçiriləcək iclasında faiz dərəcələri ilə bağlı daha sərt mövqe tutacağı ehtimalını artırıblar.
Qeyd edək ki, mis ötən həftə rekord həddə yüksəlmişdi. Qiymət artımına ABŞ-ın təmizlənmiş misə tarif tətbiq edə biləcəyi ilə bağlı gözləntilər, eləcə də məlumat mərkəzləri və bərpa olunan enerji sektorunda metala artan tələbat təsir göstərmişdi.
Digər metallarda da azalma qeydə alınıb. Belə ki, sinkin qiyməti 1,3% ucuzlaşıb, alüminiumun qiyməti isə dəyişməz qalıb.
Dəmir filizinin qiyməti də ardıcıl dördüncü ticarət sessiyasında aşağı düşərək 0,5% azalaraq ton başına 96,90 dollar təşkil edib.
