Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu gün Azərbaycan Mərkəzi Bankı növbəti faiz qərarını açıqlayıb. Qərara görə, faiz dəhlizinin bütün parametrləri dəyişməz saxlanılıb. Ardıcıl 2-ci dəfədir ki, faizlər dəyişilməz saxlanılıb.
Qərarı iqtisadçı ekspert Asif İbrahimov Banco.az-a şərh edib:
"AMB-nin faiz dəhlizini ardıcıl ikinci dəfə dəyişməz saxlaması ölkədə makroiqtisadi sabitliyin qorunduğunu və monetar siyasətində ehtiyatlı yanaşmanın davam etdiyini göstərir. Qərar həm daxili inflyasiya mühitinin nəzarət altında olması, həm də qlobal iqtisadi qeyri-müəyyənliklərin davam etməsi fonunda qəbul olunub.
Rəqəmlərdəki inflyasiya hədəf diapazonunda qalsa da, enerji və ərzaq qiymətlərində dalğalanmalar, geosiyasi risklər və beynəlxalq maliyyə bazarlarındakı dəyişkənlik potensial təzyiq amilləri olaraq qalır. Bu baxımdan, Mərkəzi Bankın mövcud faiz səviyyəsini qoruması “gözlə və qiymətləndir” yanaşmasının tətbiqi kimi qiymətləndirilir".

İqtisadçının sözlərinə görə, qərar eyni zamanda əvvəlki monetar addımların iqtisadiyyata təsirinin tam formalaşmasını gözləmək məqsədi daşıyır: "Pul siyasətinin ötürülmə mexanizmi zaman tələb etdiyindən tələsik dəyişikliklərdən çəkinilməsi bazar sabitliyinin qorunmasına xidmət edir. Çünki faiz dəhlizi ilə bağlı verilmiş qərarların effekti, ötürülmə mexanizmi dərhal yox, 6-12 ay ərzində hiss olunmağa başlayır.
Mövcud qərar kredit faizlərində kəskin dəyişikliklərin gözlənilmədiyini göstərir. İstehlak kreditlərində məhdud artım ehtimalı qalır, biznes kreditlərində isə banklar daha selektiv yanaşmanı davam etdirə bilər. Ümumilikdə isə kredit bazarında sabit və proqnozlaşdırıla bilən mühit formalaşır".
A. İbrahimov əlavə edib ki, faizlərin sabit saxlanılması depozit bazarında da sabitliyi təmin edir: "Mövcud vəziyyətdə depozitlər yüksək gəlirlilik aləti olmasa da, inflyasiyanın aşağı səviyyədə qalması fonunda əmanətçilər üçün real gəlir imkanı yaradır. Buna görə də depozitlər daha çox vəsaitin qorunması və sabit gəlir əldə edilməsi aləti kimi aktuallığını saxlayır.
Manatın məzənnəsi isə deyərdim ki, stabil olaraq saxlanılır. Güclü valyuta daxilolmaları və Azərbaycan Respublikası Dövlət Neft Fondu vasitəsilə bazara təmin edilən valyuta likvidliyi məzənnə sabitliyini dəstəkləyən əsas amillərdəndir. Qısa müddətdə milli valyutanın ciddi təzyiq altında qalacağına dair siqnallar müşahidə olunmadığını deyərdim.
Qısaca, AMB-nin bügünki qərarı iqtisadiyyatın hazırkı mərhələdə balanslı və idarəolunan vəziyyətdə olduğunu deməyə əsas verir. Azərbaycanda tətbiq olunan iqitsadi modelinin effektsiz olmasına baxmayaraq, Mərkəzi Bank qlobal və daxili riskləri diqqətdə saxlayaraq çevik və məlumat əsaslı siyasət aparmağa davam edəcəyini nümayiş etdirir. Bu da bazar iştirakçıları üçün nisbətən sabitlik və proqnozlaşdırıla bilənlik baxımından müsbət siqnal hesab olunur".
Bizi sosial şəbəkələrdən izləyin!!
