"Makler evləri"ni almaq məsləhətdirmi? | Banco.az

"Makler evləri"ni almaq məsləhətdirmi?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Martın sonu və aprelin əvvəli yağan güclü yağışlar səbəbilə Bakının bir çox ərazilərində evləri su basdı. Bu evlər əsasən Xırdalan, Masazır, Sulutəpə, Hövsan ərzailərində yerləşir. Evlərin əksəriyyəti isə maklerlər tərəfindən tikilən evlər idi. Bu evlər digərləri ilə müqayisədə daha ucuz olur. Bundan sonra makler tikən evlərin alıcıları azalacaqmı?

Əmlak məsələləri üzrə ekspert Anar Nəsirov Banco.az-a bildirib ki, bu evlərdə nə düzgün fundament olur, nə subasma riski nəzərə alınır, nə də yerdən hündürlük – yəni kürsü məsələsi düzgün hesablanır: 

"Əslində, bu evləri tikənlərin çoxu makler deyil. Bunlar sadəcə fürsətdən istifadə edən, tez qazanc əldə etmək istəyən işbazlardır. Onlar evləri çox qısa müddətdə tikib satışa çıxarırlar. Evlər çox vaxt sənədsiz və gizli şəkildə tikildiyi üçün, dövlət qurumları xəbər tutana qədər artıq tikinti başa çatdırılır və ev satılır.

Bu səbəbdən belə evlərdə nə düzgün fundament tökülür, nə layihə hazırlanır, nə də təbii fəlakətlər – zəlzələ, yanğın, subasma və ya torpaq sürüşməsi kimi risklər nəzərə alınır. Televiziyada gördüyümüz görüntülərdə də aydın olur ki, bu evlərin əksəriyyəti birbaşa yer səviyyəsində tikilir. Halbuki bu, ciddi səhvdir.

Əslində, tikinti prosesi düzgün qaydada aparılmalıdır. İlk növbədə evin layihəsi hazırlanmalı və təsdiq olunmalıdır. Daha sonra fundament qazılmalı, armatur yerləşdirilməli və beton tökülməlidir. Bundan sonra isə ev mütləq yerdən müəyyən hündürlükdə – kürsü üzərində tikilməlidir.

Kürsü dedikdə, evin yer səviyyəsindən qaldırılması nəzərdə tutulur. Bu hündürlük evin yerləşdiyi relyefə uyğun hesablanmalıdır. Relyef isə ərazinin xüsusiyyətlərinə – suyun hansı istiqamətdə axmasına, hansı yerlərin alçaq və ya yüksək olmasına görə müəyyən edilir. Əgər ərazi alçaqdırsa, ev ən azı 1–1,5 metr hündürlükdə tikilməlidir ki, yağış və qrunt suları evə daxil ola bilməsin".

Ekspert əlavə edib ki, bundan əlavə, ev həm daxildən, həm də xaricdən mütləq izolyasiya olunmalıdır: "Lazım gəldikdə, döşəmə səviyyəsi də qaldırılmalıdır ki, evin içərisinin səviyyəsi çöldən daha hündür olsun. Bu halda su evin içinə daxil ola bilmir və yalnız kənarda qalır.

Təəssüf ki, makler tikən evlərdə bu tələblərin heç biri nəzərə alınmır. Çünki bu işlər əlavə xərc tələb edir və onlar bu xərclərdən qaçırlar. Nəticədə evlər yer səviyyəsində tikilir və azacıq güclü yağış zamanı belə su basma halları baş verir.

Mənim fikrimcə, bəzi fürsətçi şəxslərin fəaliyyəti nəticəsində bu gün təkcə onların tikdiyi evlərə deyil, ümumilikdə həyət evlərinə olan inam azalıb. Yağan yağışlar və baş verən subasma hadisələri insanlarda ciddi psixoloji narahatlıq yaradıb. Artıq bir çox insan düşünür ki, güclü yağış yağarsa, onun evi də su altında qala bilər.

Onsuz da son illərdə həyət evlərinə tələbat azalmağa doğru gedirdi. Bu hadisələr isə həmin prosesi daha da sürətləndirəcək. Nəticədə həm tələbat azalacaq, həm də qiymətlərə mənfi təsir göstərəcək. İnsanlar daha çox bina evlərinə üstünlük verirlər. Bunun səbəbləri arasında sənədləşmə problemləri, kommunal xidmətlərin çatışmazlığı və keyfiyyətsiz tikinti də yer alır".

Anar Nəsirov son olaraq insanlara tövsiyə edib ki, ev alarkən mütləq bu məqamlara diqqət etsinlər: "Evin fundamenti varmı, yerdən nə qədər hündürlükdədir, yerləşdiyi ərazi subasma riski daşıyırmı, izolyasiya olunubmu, qonşu tikililərlə məsafə necədir. Xüsusilə, fundamentsiz evlərdən uzaq durmaq lazımdır. Çünki fundament binanın əsas dayağıdır və onun olmaması ciddi təhlükə yaradır.

Çalışın ki, kürsülü, yəni yerdən hündür tikilmiş və texniki tələblərə uyğun inşa olunmuş evlərə üstünlük verəsiniz".

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram