Lionel Messi Maradonanı geridə qoydu | Banco.az

Lionel Messi Maradonanı geridə qoydu

Müəllif: Mehin Qasımova, Banco.az

Argentina millisi 2026-cı il Dünya Kubokunun 1/8 final mərhələsində Misir üzərində  qələbə qazanaraq dörddəbir finala yüksəlib.

Banco.az xəbər verir ki, Argentina millisi oyun ərzində iki top geridə olsa da, oyunun son dəqiqələrində əzmkar geridönüş edərək 3:2 hesabı ilə qalib gəlib. Qarşılaşmanın əsas qəhrəmanı isə Lionel Messi olub.

Oyuna daha fəal başlayan Misir Yasser İbrahim və Mostafa Zikonun qolları ilə hesabda 2:0 önə keçib. Argentina 78-ci dəqiqəyədək iki top fərqi ilə geridə idi. Dünya Kuboku tarixində əsas vaxtın son mərhələsində iki top geridən qayıdaraq qalib gələn komanda olmayıb.

Argentina əvvəlcə Kristian Romeronun qolu ilə fərqi minimuma endirib. Daha sonra Lionel Messi 83-cü dəqiqədə hesabı bərabərləşdirib. Əlavə vaxtda isə Enzo Fernandesin başla vurduğu qol Cənubi Amerika təmsilçisinə 3:2 hesablı qələbə qazandırıb.

Qarşılaşmanın ən diqqətçəkən məqamlarından biri isə Lionel Messinin möhtəşəm çıxışı idi. Argentina kapitanı təkcə vurduğu qolla deyil, həm də yaratdığı  epizodlar və həlledici ötürmələri ilə komandasının geridönüşündə əsas rol oynadı. 

Messi həm də dünya çempionatları tarixində ən çox məhsuldar ötürmə edən futbolçular sırasında həmyerlisi Dieqo Maradonanı geridə qoyaraq ilk sıraya yüksəlib. 

39 yaşlı hücumçu bununla yanaşı, turnirdə qol sayını 8-ə çatdırıb. Dünya Kubokunun ilk beş oyununda ardıcıl qol vurmağa sonuncu dəfə 1970-ci ildə Almaniya millisinin hücumçusu Gerd Müller nail olub.

Bu qələbə ilə Argentina dörddəbir finala yüksələrək ardıcıl ikinci dünya çempionluğu uğrunda mübarizəsini davam etdirəcək.