Kim özünə hansı qadağaları qoyur? - SOSİAL ŞƏBƏKƏLƏR ÇƏRÇİVƏSİZ DEYİL | Banco.az

Kim özünə hansı qadağaları qoyur? - SOSİAL ŞƏBƏKƏLƏR ÇƏRÇİVƏSİZ DEYİL

Azərbaycanda “Facebook”, “Twitter”, “Instagram” kimi sosial şəbəkə istifadəçilərinin sayı günbəgün artmaqdadır. Əsas istifadəçiləri gənclərdən ibarət  olan sosial şəbəkələrdə müxtəlif mövzularda, fərqli yanaşmalarla paylaşımlar edilir. Bəs görəsən şəbəkə istifadəçiləri hansı postları paylaşmağa çəkinirlər?

Sosial şəbəkə istifadəçiləri arasında sorğu keçirilib. Kimisi şəxsi fikirlərini paylaşmaqdan, kimisi bayramlarla bağlı postları, bəziləri isə siyasi mövzularda paylaşımlar etməkdən çəkindiyini deyib.

Ayşən Rəhimova: “Artıq 7 ildir ki, sosial şəbəkə istifadəçisiyəm. “Facebook”u daha çox əyləncə məqsədilə işlədirəm. Həmçinin, gündəm mövzularından daha tez xəbər tutmağa da kömək edir. Adətən, ciddi mövzularda paylaşım etmirəm. Ən çox gülüş doğuran hadisələri, gündəlik başıma gələn qeyri-adi mövzuları “yumoristik” şəkildə paylaşıram. Bir də öz çəkdiyim şəkilləri paylaşmağı sevirəm. Arada musiqi paylaşımlarım da olur. Sosial şəbəkələrdə post yazmağa çəkindiyim mövzular da var. Məsələn, bayramda, özəl günlərdə, həmin günlərə aid paylaşım eləməyə çəkinirəm. Saytlarda çalışarkən sayta verdiyim hər xəbərin linkini öz profilimdə paylaşmıram. Hansısa xəbər mənim dostlarıma maraqlı gəlsə, paylaşım edirəm. Məncə, şəxsi profil hər xəbəri paylaşma yeri deyil. Bunun üçün səhifələr yaratmaq olar. Bundan çəkinirəm və çəkinməyənləri də şiddətlə qınayıram”.

 

Mənsur Rəğbətoğlu: “Doqquz ildir ki, sosial şəbəkə istifadəçisiyəm. Əsasən çəkdiyim rəsmləri paylaşıram, yazım varsa, onu paylaşıram.  Gündəm mövzularından, çox müzakirə olunan məsələlərdən qaçıram. Çünki, insanları yormaq, bezdirmək istəmirəm. Onsuzda hamının dəyişməz fikri var, mübahisəyə ehtiyac yoxdur. Çalışıram ki, insanları mənfi hisslərə yükləməyim, insanları güldürə biləcək paylaşımlar edim. Əgər elə mövzu yoxdursa da axtarış etmirəm ki, mütləq nəsə paylaşım. Müsbət aurada deyiləmsə, sosial şəbəkələrdən kənarda dururam, bir insanı üzmək yerinə gözə görünməmək daha yaxşıdır. Yəni, öz mətbəximdə nə bişibsə, onu da ortaya qoyuram.  Məsələn, kənardan özünütəbliğ kimi görünən paylaşımlardan çəkinirəm, bu barədə özümə qarşı mühafizəkaram.  Məni eqoist göstərəcək paylaşımlarda etmirəm, bəlkə paylaşımlarım məni eqoist göstərir, amma özüm bilirəm ki, bu belə deyil. Zarafat yaxud tənqid xətrinə də olsa, kiminsə mənə yazdığı mesajı “skrin” edib paylaşmıram.  Bunu çəkindiyim üçün yox,  etik olmadığı üçün etmirəm. İnsanları utandırmaq, onları üzmək doğru deyil. Onsuz da, xoşbəxt ola bilmirik, bir də biz bədbəxtçiliyə vasitəçi olmayaq”.

 

Seymur Kərimli: “9-cu sinifdən “Facebook” istifadəçisiyəm. Digər sosial şəbəkələrdən 2013-2014-cü illərdə istifadə edirəm. Dövləti pisləyən və əsgər ölümü ilə bağlı xəbərdən başqa bütün mövzularda paylaşımlar edirəm”.

Ən sərfəli kredit üçün müraciət et

 

Aysel Əlihüseyn: “10 ildir ki, sosial şəbəkələrdən istifadə edirəm.  Paylaşımlarımda daha çox musiqi və ya bəyəndiyim şəkillər, fikirlər, videolar olur. Sosial şəbəkələrdə paylaşmağa çəkindiyim postlara gəlincə, hər hansı bir hadisə haqqında öz fikirlərimi paylaşmaqdan qaçıram”.

 

Sail Ağasəlim: “6 ildir sosial şəbəkə istifadəçisiyəm. Ümumiyyətlə, şəxsi həyatımla bağlı nəsə paylaşmağı qətiyyən sevmirəm. Adətən, insanlara maraqlı olacaq nələrisə paylaşmağa üstünlük verirəm. Futbola xüsusi marağım olduğu üçün, bu mövzularda xəbər və maraqlı məlumatlar paylaşıram”.

 

Rövşən Salahzadə: “5 ildir ki, sosial şəbəkələrdən istifadə edirəm. Əsas paylaşımlarım idman və musiqilərlərlə bağlı olur. Din və siyasətə qarşı olan yazıları paylaşmağa çəkinirəm. Ailə söhbətlərimi, özəl həyatımı yazıb sosiallaşdırmağı da sevmirəm”.

 

Leyla Behbudlu:Sosial şəbəkələrə tez adaptasiya olan və ya texnologiya ilə o qədər də maraqlanan biri deyiləm. Sadəcə, sosial şəbəkələrə müstəqil fikir platforması kimi yanaşıram. Burada heç kimə, hətta özünə belə izah edə bilmədiyin duyğularını bölüşə bilirsən. Bu psixoloji cəhətdən sakitləşməyə köməklik göstərir. Sosial şəbəkələr azad fikir bildirmək, insanlarla ünsiyyət qurmaq üçün əla fürsət kimi görünür. Amma istifadə etdikcə, anlayırsan ki, insanları bir-birindən uzaqlaşdırır. Sosial şəbəkə platformalarında paylaşmağa çəkindiyim mövzular, əsasən, ailə münasibətləri, insanın şəxsi ilə bağlı olan anlardır. Özəl həyatımla bağlı nələrisə paylaşmağı heç sevmirəm”.

 

Qoşqar Bəylərov: 2011-ci ildən sosial şəbəkələrdən istifadə edirəm. Əsasən, öz sosial həyatımla bağlı paylaşımlar edirəm. Fəaliyyətlərimi, uğurlarımı bölüşürəm. Öz həyatımda görüdüyüm hadisələr və ya cəmiyyətdə gördüyüm problemlərlə bağlı ümumi maarifləndirici postlar edirəm. Siyasi xəbərlərlə bağlı heç bir post yazmıram. Çünki bu mənim işimə də problem yaradır. Peşəmlə əlaqədar olaraq siyasi mövqeyimi bildirmirəm. Ailədaxili məsələləri paylaşmıram”.

Ted.az