Müəllif: Tamara Mustafayeva, Banco.az
Uğurlu karyera qurub, ya da biznes sahibi olub işgüzar aləmdə inamla addımlamaq heç də asan məsələ deyil. Xüsusən də, qazandığınız uğurlar çoxlu sayda insanın diqqət mərkəzində olmağınıza səbəb olursa. Bu halda, illərlə formalaşdırdığınız, şəxsi vizitkartınız olan reputasiyanı qoruyub saxlamaq daha da zəruri olur.
Banco.az sizə şəxsi reputasiyanızı və biznes etibarınızı qorumaq üçün bəzi tövsiyələr təqdim edir.
İctimai imicinizə fikir verin
Biznes uğurları qazandıqca, böyü layihələrə imza atdıqca tədricən ictimai imicinizi saxlamaq çətinləşə bilir. Belə ki, kütləvi informasiya vasitələri adətən tanınmış uğurlu şəxslərlə bağlı hekayə yaratmağı çox sevir. Hətta bəzən elə hallar olur ki, göz önündə olmayan insanlar belə uğur qazandıqca medianın hədsiz marağına səbəb olurlar. Odur ki, kənardan necə göründüyünüzə fikir verin, xüsusən də, son illərin ən populyar silahı olan sosial şəbəkələrdən ağıllı istifadə edin, lüzümsuz informasiyalara yer verməməyə çalışın.
Şəffaf olmaqdan narahatlıq duymayın
Tabeliyinizdə çalışan işçilərə, birlikdə layihələr icra etdiyiniz insanlara, biznes tərəfdaşlarınıza qarşı hər zaman dürüst olmağa çalışın. Dəqiq və düzgün informasiya sizi istənilən çətin şəraitdə pis vəziyyətə düşməkdən xilas edə bilər.
Üzərinizə məsuliyyət götürməkdən çəkinməyin
Uğurlu karyeraya sahib insanların bu müddət ərzində heç səhvə yol verməməsi təbii ki, mümkün deyildir. Adətən uğursuz insanlar öz səhvlərini başqalarının üzərinə atmaqla məsələdən yayınmağa çalışırlar. Odur ki, işdə və ya layihədə hər hansı bir problem yarandıqda özünüzü dərhal kənara çəkməyə çalışmayın, əgər rəhbərlik məhz sizdədirsə, bütün məsuliyyətin də sizdə olduğunu unutmayın.
Digər uğurlu insanları nümunə götürməkdən utanmayın
Bəzən insanlar şəxsi və ya biznes uğurlarına görə bəyəndikləri insanları dilə gətirməkdən çəkinirlər. Unutmayın ki, başqalarını yamsılamaqla hər hansı uğurlu addımın arxasındakı şəxsi nümunə götürmək arasında böyük fərq var. Təbii ki, hər kəsin uğur yolu özünəməxsusdur, ancaq bir çox hallarda ətrafımıza baxıb, yaxşı nümunələrə yönəlməyimiz də faydalı olacaqdır.
Tanınmış uğurlu şəxslərin həm işdə, həm də şəxsi həyatlarında reputasiyalarını necə qoruduqlarına diqqət yetirin. Öyrənməli olduğunu çox şeylə qarşılaşa bilərsiniz.
Nəhayət onu da qeyd edək ki, şəxsi reputasiyanız həm öz nəzərinizdə, həm də başqalarının gözündə sizin daha da uğurlu görünməyinizə yardımçı olacaqdır.
Bizi sosial şəbəkələrdən izləyin!!