İl sonu yaxınlaşır, bu isə o deməkdir ki, çox insanın işinin həcmi ikiqat, hətta üçqat artır. Görülməli işlər haqqında düşüncə belə insanı gərginləşdirir. “Work.ua” bütün bunların öhdəsindən gəlmək üçün 8 fənd öyrədir.
İl sonundakı qarışıqlıq, işin çoxluğu hər kəsə tanışdır. Çoxu bu cür situasiyada əsəbiləşir, bəziləri panikaya qapılır. Təmkinli olun və işlək vəziyyətdə qalmağa çalışın.
Həmçinin oxu: Mənəvi və fiziki cəhətdən tükənməyin qarşısını necə almaq olar?
1. Strategiya hazırlayın
Üstünüzə dağ kimi iş tökülüb qalıbsa, deməli, strategiyaya ehtiyacınız var. Bir ağ vərəq və bir neçə rəngli qələm götürüb oturun, bütün tapşırıqlarınızı yazın və vizual cədvəl hazırlayın.
İnsan bütün tapşırıqları və xüsusən də bunları yerinə yetirmək üçün edilməli olan işlərin hamısını xatırlaya bilməz, odur ki, dəqiq plan zəruridir.
Elektron cədvəl yaratmaq daha asandır, amma vəziyyətə nəzarət hissini təmin etmək üçün əlverişsizdir. Ona masanın üzərindən asılmış bir kağızdan daha az baxacaqsınız.
2. Həddən artıq çox şey planlaşdırmaq heç nə planlaşdırmamaq qədər pisdir.
Gücünüzü reallığa uyğun qiymətləndirin. Elə düşünməyin ki, gündəliyə nə qədər çox iş qeyd etsəniz, onları bir o qədər tez görüb qurtaracaqsınız. Əgər keçən il rüblük hesabatı bir həftəyə tərtib etmişdinizsə, çətin ki, bu il üç günə hazırlaya biləsiniz.
3. Perfeksionizmdən qaçının.
Bir işi yaxşı görmək yaxşıdır, lakin mükəmməlliyə çatmaq üçün bir işə həddən artıq vaxt sərf edirsinizsə, dayanın (əlbəttə ki, kiminsə həyatı bu işdən asılı deyilsə). İşi yaxşı və vaxtında görüb qurtarmaq kifayətdir, nəinki təkcə ideal nəticəyə fokuslanmaq.
4. Dürüst olun.
Öz iş yükünüzü bildirməyi öyrənin. Çox yüklənmisiniz və streslisinizsə, yaxud müəyyən səbəblərə görə qrafiklə ayaqlaşa bilmirsinizsə, bunu söyləyin. Böyük ehtimalla həmkarlardan sizə yardım edən tapılacaq, ya da ən azından biləcəklər ki, sizdən nə gözləmək olar. Həmçinin lüzumsuz suallarla sizi məşğul etməyəcəklər.
5. İkincidərəcəli işlərdən imtina edin.
İşdə qarışıqlıqdırsa, təkcə işlə bağlı deyil, həm də şəxsi məsələləri əsas və ikincidərəcəli olaraq iki qrupa ayırın. Əlavə ev işlərindən və ya kiməsə köməkdən imtina etmək imkanı varsa, bu, ən məqsədəuyğun addımdır.
Həmçinin oxu: Korporativ tədbirlərdə nələri etmək olmaz?
6. İşi başqasına həvalə edin.
Təbii ki, sizin işinizi sizdən yaxşı heç kəs görə bilməz. Ancaq krizis halında işi həmkarlara və ya ailə üzvlərinə ötürmək ən məntiqli variantdır. Böyük tapşırıqları bir neçə yerə bölün və bu kiçik məsələləri başqasına həvalə edin.
7. Səliqə-sahman yaradın.
Əgər vacib bir sənədi axtarmağa yarım saatınız gedirsə, təəccüblü deyil ki, heç nəyə vaxt çatdırmırsınız. Elektron məktub göndərərkən mövzu yerinə adekvat bir ad qeyd edin, fayllara “123” kimi müəmmalı adlar qoymayın. Bununla həm özünüzün, həm də başqasının zamanına qənaət etmiş olarsınız.
İş yerində xaos beyində də qarışıqlıq yaradır. Səliqəli olun. Yaradıcı qarışıqlıq, başqa sözlə, kreativ xaos sadəcə gözəl metaforadır, başqa heç nə.
8. Günlük rejim təkcə uşaqlar üçün faydalı deyil.
Yuxusuzluq və zərərli qidalar sizin daha çox qüvvənizi alır. Yuxusuz gecədən sonra konsentrasiya və koqnitiv bacarıqlar əhəmiyyətli dərəcədə azalır. Sağlam yuxu və düzgün qidalanmaya əməl edin və görəcəksiniz ki, yaddaşınız və əmək qabiliyyətiniz müsbətə doğru necə dəyişilir.
Nigar Umaxanlı, Finco.az