Hansı ölkələrdə plastik torba ödənişlidir? | Banco.az

Hansı ölkələrdə plastik torba ödənişlidir?

Plastik torbaların istifadəsinin azaldılması, şüşə, kağız, plastik tullantıların fərqli konteynerlərdə yığılması kimi işlər təbiətə verilən zərəri minimuma endirmək məqsədi güdür. Xüsusilə, dünya təcrübəsində son bir neçə ildə supermarketlərdə "təbiət dostu" çantalar üstünlük təşkil edir. Bu üsulun genişləndirilməsi yönündə tədqiqatlar da aparılır. Müxtəlif ölkələrdə isə plastik torbaların istifadəsinə münasibət bir-birindən fərqlənir.

İngiltərədə 5 oktyabr 2015-ci ildən etibarən birdəfəlik plastik torbaların istifadəsində ödəniş tətbiqi çox yaxşı nəticələr verdi. Böyük Britaniya hökuməti tərəfindən açıqlanan məlumatlara görə, 7 böyük supermarketdə istifadə edilən plastik torbaların sayı 86% azalıb. Hökumətin məlumatına görə, tətbiq 2015-ci ilin oktyabr ayında başlanandan bəri, 2017-2018 ci ildə 2016-2017 ci il ilə müqayisədə bütün supermarket şəbəkələrində 289 milyon daha az torba istifadə edilmişdir.

Məlumatlarını paylaşan pərakəndə mağazalardan üçdə ikisindən alınan rəqəmlərə görə plastik torbalardan xeyriyyəçilik məqsədilə əldə edilən gəlir 58,5 milyon sterlinqi aşıb. 

Böyük Britaniyada torbaların istifadəsi ilə bağlı əsas supermarketlər və mağazalarda istehlakçılar üçün qiymət 5 pensdir(11 qəpik).

Böyük Britaniyada Ətraf Mühit, Su Məhsulları və Kənd Təsərrüfatı İdarəsi (DEFRA) daxilində fəaliyyət göstərən CEFAS adlı bir araşdırma və elm institutunun mütəxəssisi Thomas Maesin açıqlamalarına görə proqram ilə birlikdə İngiltərədəki dəniz dibindəki araşdırmalarda balıq torlarının tutduğu plastik torbaların sayında kəskin azalma müşahidə olunmuşdur. 

İngiltərədəki müvəffəqiyyətli tətbiqdən sonra ekoloji təşkilatların bənzər bir tətbiqin plastik şüşə və birdəfəlik istifadə üçün olan plastik məhsullara da gətirilməsini tələb etdiyi ifadə edilir.

Digər ölkələrə nəzər salaq.

Məsələn, 2 il əvvəl, Şotlandiya plastik torbalara ödəniş istədi. Bu tətbiqin məqsədi, plastik torbaların əvəzinə təkrar emal edilə bilən kağız torbalar və s. kimi sürətli, asan və zərərsiz məhsullardan istifadə etməkdir. Şotlandiyadakı bu tətbiq müvəffəqiyyətlə başa çatdı və bir ildə 650 milyon plastik torbanın atılmasının qarşısı alındı.

Ən sərfəli kredit üçün müraciət et

Plastik torbanın ödənişli olduğu ölkələr arasında Almaniya da yer alır. Kiçik və böyük torbalar üçün müvafiq olaraq 0,50 və 1 avro ödəmək lazımdır. Plastik torbaların istifadəsində qadağa olmasa da, müştərilərə alış-veriş çantalarını yanlarında gətirmək tövsiyə olunur. 

Şimali İrlandiya və Uels kimi ölkələrdə plastik torbalar 2010-cu ildən etibarən ödənişlidir. Çünki həmin illərdə Birləşmiş Krallıqda istifadə edilən plastik torbaların sayı 6 milyarda çatmışdı ki, bunun qarşısı alınmadığı təqdirdə ətraf mühitə daha çox ziyan verərdi.

2011-ci ildən etibarən İtaliyada plastik torbaların istifadəsi qadağandır. Plastik torbaların istifadəsi ilə bağlı aydın və sərt mövqe tutan İtaliya xalqı, alış-veriş üçün parça çantaları ilə gəlir. İtaliyada belə torbaların istifadə edildiyi təqdirdə 25 min avroya qədər cərimə tətbiq edilə bilər. Plastik torbanın qadağan olunduğu ölkələr arasında Meksika, Hindistan, Banqladeş və Avstraliyanın bəzi şəhərləri var.

Fransada 2015-ci ildən supermarketlərdə, 2017-ci ildən isə meyvə-tərəvəz şöbələrində də qadağan olunub.

Norveçdə plastik torba üçün 10 cent ödəmək lazımdır.

Türkiyədə (25 kuruş) isə 1 yanvar 2019-cu il tarixindən etibarən tətbiq edilən bu sistemin plastik torbaların istifadəsini hansı nisbətdə azaldacağı maraqla gözlənilir.

Müəyyən edilmiş qiymət olduqca aşağı olsa da, bu tətbiq problemin qarşısını alan əsas həll yoludur. Ödənişli torba tətbiqi ilə lazımsız torbaların istifadəsinə maneə törətmiş ölkələr, ətraf mühiti çirkləndirməyə səbəb olan vasitələrlə mübarizəyə başlayan və ya başlayacaq ölkələr üçün yaxşı bir nümunədir. Təbiətdə əsrlər boyu məhv edilməyən plastiklərin istifadəsinin azalması okeanların gələcəyi üçün çox vacibdir.

Pərvanə Aslanova, Banco.az