Ən yaxşı həyata sahib olmaq istəyənlərə milyarder tövsiyəsi | Banco.az

Ən yaxşı həyata sahib olmaq istəyənlərə milyarder tövsiyəsi

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Virgin” şirkətlər qrupunun təsisçisi Riçard Branson (Richard Branson) öz əməyi ilə ən dibdən başlayaraq bu günədək gələn və həyata dair özünəməxsus sirləri olan tanınmış investordur. O, uğurlarının bəsit izahının ya da yeganə sirrinin olmadığını deyir. Ancaq yenə də insanlara motivasiya verəcəyinə inandığı və yol göstərici hesab etdiyi bəzi fikirlərini qələmə alıb. Gəlin tanış olaq.

1. Cəsarətli olun

Xəyallarının arxasından getmək hər zaman cəsarət tələb edir. Cəsur olub risk almaq əsla ağılsızlıq demək deyildir, burada əsas məqam hər zaman əks təsirləri nəzərə almaqdır.

2. Özünüz olun

Həyat yolunda istər şəxsi, istərsə də peşəkar sferada uğur qazanmaq üçün öz dəyərlərinizdən imtina etmək və ya başqalarını yamsılamaq zərurətində deyilsiniz. Hədəflərinizə fokuslanın və təməl dəyərlərinizə sadiq qalın. Əldə etmək istədiyiniz şeylərə yol boyunca özünüzü itirmədən də sahib ola bilərsiniz.

3. Ehtiramlı olun

Həyatda və ya işgüzar sferada uğurun təməlində sizin etibarınız dayanır. Diqqətcil olun, nəzakətli davranın və başqa insanları da fikirləşin. Fikir bildirməzdən, ya da mühakimə yürütməzdən əvvəl bir neçə dəfə düşünün.

4. Bəli deyin

Bəli dediyiniz zaman inanın ki, həyat çox əyləncəli olacaq. Yolun məni hara apardığını və ya hədəfə hansı yolla gedəcəyimi bilməsəm də, bu sualların cavabını məhz yolda öyrənməyi üstün tuturam. Bəli deyib yola başlamaq məni hər zaman ən təəccüblü və maraqlı macəralara aparıb. Başqa yerdə əsla rastlaşa bilməyəcəyim insanları, yerləri və fikirləri kəşf etmişəm.

5. Xəyallarınızın üfiqini genişləndirin

Həm mənim, həm də şirkətimin uğur hekayəsi daima böyük xəyallar qurmağımın nəticəsidir. Özümü başqa insanların doğru hesab etdikləri ilə məhdudlaşdırmayaraq imkansız hesab edilənlərə nail oldum. Böyük xəyallar qurun, inanın ki, nəticədə mütləq mükafatınızı alacaqsınız.

Ən sərfəli kredit üçün müraciət et

6. Əylənin

Əgər hər hansı bir fürsət ya da layihə məni həyəcanlandırmırsa və əsaslı yaradıcı xoşbəxtlik yaşayacağım bir hadisə deyilsə, bu barədə düşünmürəm belə. Məşğul olduğunuz işi böyük şövqlə icra edirsinizsə, çox işləməyin sizi bezdirməyəcəyinə əmin ola bilərsiniz.

7. Geri qaytarın

Bəsit hesab etdiyiniz hər hansı bir nəzakət qaydası sizə böyük qazanclar gətirə bilər. “Give back” (Geri qaytar) etikası əvəzedilməzdir. Xəyallarınıza çatdıqdan sonra dünyaya, təbiətə, gənc insanlara töhfə verin. Bu zaman geri qaytarmaq hissinin dünyanın ən möhtəşəm hisslərindən biri olduğunu görəcəksiniz.

8. Öz qayğınıza qalın

Ən yaxşı həyat yaşamağın və hər günü ən yaxşı formada keçirməyin əsas üsulu öz qayğınıza qalmaqdır. Sağlam və gümrah olmaq xoşbəxtliyin açarıdır və xoşbəxtlik isə sizi uğura aparacaqdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram