Emosional intellekt nədir və IQ-dən fərqi nədədir?
Əvvəlki illərdə insanlar IQ səviyyəsinə üstünlük verirdilərsə, hal-hazırki dövrdə bir çox işə götürən qarşı tərəfdə EQ səviyyəsini dəyərləndirir. Maraqlıdır, EQ nədir və nə kimi üstünlükləri var?
EQ səviyyəsi iş mühitində lazım olan bir sıra xüsusiyyətləri özündə birləşdirir. Bunlara komandada çalışmaq, loyallıq, karyerada irəliləyiş və s. kimi xüsusiyyətlər daxildir. IQ-dən fərqli olaraq EQ bütün ömrü boyu inkişaf edə bilər. IQ-də isə bu mərhələ uşaqlıq və gənclik dövründə daha intensiv xarakter daşıyır.
EQ (emosional intellekt) haqda bir çox mənbədə məlumat verilsə də bu yazıda sizi mövzu ilə əlaqədar fikirlərlə tanış edəcəyik. Əslində EQ anlayışı kifayət qədər geniş anlayışdır. EQ-nün əsas anlayışı vəziyyəti düzgün dəyərləndirmək və ona təsir etmək, digər insanlarla intuitiv əlaqə yaratmaq, onların güclü və zəif tərəflərini anlamaq, stresə qarşı dayanıqlılığı idarə etmək kimi qiymətləndirilir. Əslində EQ-nü başqa cür təzahür etsək, bu özünü anlamaq kimi də anlaşıla bilər.
Məsələn, aparılan araşdırma nəticəsində bir-birini tanımayan insanlar eyni komandada yer aldıqda öz dəyərlərini daha yaxşı qiymətləndirməyə nail olublar. Belə olduqda onların komandadakı yeri daha yaxşı təyin olunur. Bundan əlavə belə hallarda insanların liderlik xüsusiyyətlərini və prinsiplərini dəyərləndirmək daha asan xarakter daşıyıb.
Dünyada fəaliyyət göstərən bir çox şirkətlər bu prinsipdən istifadə etməkdədir. Məsələn, Amazon şirkəti öz işçilərini işdən azad edərkən və ya vəzifəsini yüksəldərkən onların şəxsi keyfiyyətlərindən daha çox liderlik xüsusiyyətlərinə diqqət yetirirlər.
Şirkətlər niyə bu xüsusiyyətləri belə dəyərləndirirlər? Stiven Kovinin sözlərinə görə insanların əməyini almaq olar, amma onların sevgisini, istəyini və loyallığını almaq olmaz, çünki sevgi və loyallıq onlar üçün pul və karyeradan öndə gəlir.
Həmçinin maraqlıdır : Uğursuz iş müsahibələrinin səbəbləri – Emosional Zəka
İsveç şirkəti Tenant & Partner öz işçilərinə klassik menecment təlimləri vermir, bunun yerinə şəxsi effektivlik və emosional intellekt haqda təlimlər verir. Bundan əlavə işçilərin daha produktiv olması üçün onlara meditasiya təşkil olunur. Belə olduqda qəbul olunan qərarların effektivliyi daha yüksək olur. Buna görədir ki, şirkət son 10 ildə “Çalışmaq üçün ən yaxşı şirkət” adını daşımaqdadır.
Xoşbəxt işçilər – uğurlu biznesin əmanətçiləridirlər. İşçilər normal iş nümayiş etdirdikdə şirkətin uğur payı da artır. Ona görə də iş mühitində IQ-dən əlavə EQ vacib xarakter daşımaqdadır, çünki emosional zəka normal həddə olduqda iş mühitində effektivlik artır.
Nəcibə Yusifova, Banco.az