Əmlak sığortasına maraq azalır – Səbəblər nələrdir? | Banco.az

Əmlak sığortasına maraq azalır – Səbəblər nələrdir?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda 2026-cı ilin yanvar-may aylarında daşınmaz əmlakın icbari sığortası üzrə 14 milyon 830 min manat sığorta haqqı yığılıb. Bu, illik müqayisədə 39 milyon 216 min manat və ya 3,6 dəfə azdır. 2025-ci ilin yanvar-may aylarında bu növ üzrə sığorta yığımlarının məbləği 54 milyon 46 min manat təşkil edib. Hesabat dövründə bu növ üzrə sığorta ödənişlərinin məbləği isə 2025-ci ilin eyni dövrü ilə müqayisədə 404 min manat və ya 34,9% artaraq 1,6 milyon manata çatıb.

Yığımların məbləği son bir neçə aydır ki azalmaqda davam edir. Bunun əsas səbəbləri nələrdir?

Sığorta sahəsi üzrə ekspert İlkin Nəcəfov Banco.az-a bildirib ki, Azərbaycanda hələ də könüllü sığortalar əhali arasında elə də vüsət tapmayıb:

"Bu da əhalinin gəlirləri və maariflənmə səviyyəsi ilə bağlı olan bir problemdir. Yəni bizim kimi inkişaf etməkdə olan ölkələr üçün bu, xarakterik haldır. Çünki bizdə ümumi daxili məhsulda sığortanın payı 1%-ə çatmır. Ona görə də belə olması normaldır. Həm də sığorta maarifləndirilməsinin aşağı olması səbəbindən əhalidə sığortaya rəğbət yoxdur.

Hərçənd ki, icbari avtosığortanın təşəkkül tapmasından və 100% penetrasiyasından sonra insanlar sığortanın işləmə mexanizminin olduğunu bilirlər. Amma buna baxmayaraq, hələ də ölkədə kasko sığortası ümumi avtoparkın 5%-ni belə əhatə etmir. Halbuki avtomobil sığortasında hadisələrin tezliyi və şiddəti daha yüksək olur".

Ekspertin sözlərinə görə, eyni şey əmlak sığortasında da özünü göstərir: "Yəni, icbari əmlak sığortasında belə cərimə mexanizmi olmadığına görə fiziki şəxslər arasında onun penetrasiyası 3-5% belə deyil, çox cüzidir. Hətta biz Bakı şəhəri üçün 50 manatlıq icbari yanğın sığortasının bazarda kütləviliyini, penetrasiyasını və bazarın tam əhatə edilməsini təmin edə bilmirik.

Yəni bu, ümumi, qlobal problemdir. Əhalinin gəlirləri və sığorta biliklərinin, məlumatlılığının azlığı ilə, bir çox kompleks problemlərdən irəli gələn reallıqdır".

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram