Biznesə nə qədər kiçik yatırımla başlasan da, elə bir mərhələ gəlir ki, böyümə ilə bağlı qərar qəbul etməli olursan. Bu zaman biznes idarə edən xanımlar, ya investisiya cəlb etməli, ya da borclanmaya getməli olurlar. Bu yollardan hər birinin üstünlüyü və mənfi tərəfi də vardır.
Bu dəfə borclanma yolu seçib biznes kreditlərinə müraciət edən xanımların kredit vərdişlərindən danışmaq istərdik. Müsahibimiz isə “Rəbitəbank”ın Biznes Bankçılığı Departamentinin Biznesin İnkişafı şöbəsinin rəisi Elvin Tahirovdur.
- Maraqlıdır ki, bankınızda müştərilərin demoqrafik xüsusiyyətlərinin statistikası tutulurmu? Xanım və kişi müştərilərinin sayı və yaş üzrə qrupların xüsusiyyətlərini araşdırırsınızmı?
İlk öncə qeyd etmək istərdim ki, bankımızda gender bərabərliyi prinsipinə uyğun olaraq, müştəriləri qadın və kişi müştərilərə bölmürük. Hamıya eyni səviyyəli yüksək keyfiyyətli xidmət göstəririk. Əlbəttə, qeyd etdiyiniz statistika yeni məhsul və kampaniyalar vaxtı istifadə olunmaq üçün aparılır.
- Bankın xanım müştərilərinin hansı hissəsi istehlak, hansı hissəsi isə biznes kreditləri üçün müraciət edir? Müştərilər arasında hansı yaş qrupu üstünlük təşkil edir?
Banka müraciət edən xanım müştərilərin əksəriyyəti istehlak kreditləri üçün müraciət edir. Əfsuslar olsun ki, hazırda ölkəmizdə sahibkar qadınların sayı elə də çox deyil və qadın sahibkarlər tərəfindən müraciətlərin sayı az olur. Bunu nəzərə alaraq ölkə rəhbərliyinin göstərişi ilə dövlət qurumları və özəl banklar xanım sahibkarların dahada artması üçün birgə layihələr hazırlanır və bu sahədə işlər aparırlar. Banka kredit alınması üçün müraciət edən xanımların 30% 20-30 yaş, 55% 30-50 yaş 15%-i isə 50 yaşdan yuxarı olan xanımlardır.
- Xanımlar ən çox hansı həcmdə istehlak krediti üçün müraciət edir? Daha çox nəyə pul xərcləyirlər?
Xanımların əsasasən istehlak kreditləri üçün müraciət etdikləri məbləğlər 1000 – 10 000 manat arası olur. Əldə olunan kredit vəsaitinin xərclənmə istiqamətləri müxtəlifdir: istirahət, təmir, təhsil, müalicə və s.
- Xanımların pul – xərcləmə vərdişləri kişilərdən nə ilə fərqlənir?
Kişilərdən fərqli olaraq xanımların xərcləri daha məqsədyönlü və planlı olur.
- Xanımların kredit kartlarına marağı əsasən nə ilə izah olunur?
Ümumiyyətlə son illər ölkə vətəndaşlarının qeyri nağd ödənişlərə marağı artan tendensiya ilə inkişaf edir və hər il bu istiqamətdə artım müşahidə olur. Əlbəttə ki, xanımlarımızın da bu artımda boyük payı var. Xanımların kredit kartlarına olan marağını, kredit kartlarının praktikliyi ilə izah edtmək olar. Nağd pul gəzdirmədən istədiyin vaxt istədiyin yerdə alış-veriş etmə imkanı, ödənişlərin rahatlığı, internet məkanında istifadə etmə imkanlarının olmasını əsas səbəb kimi göstərmək olar.
- Düzdür ki, xanımlar daha məsuliyyətli kredit ödəyiciləridir?
Bəli bu belədir. Xanımlarımızın kredit ödənişlərində gecikmələr və ləngimələr çox nadir hallarda olur.
- Hal-hazırda bankın portfoliosunda məhz xanımlar üçün nəzərdə tutulmuş bir məhsul varmı?
Bəli. Hazırda bankımızda məhz xanımlar üçün nəzərdə tutulmuş bir neçə məhsul var. Bazarda yalnız Rabitəbankda olan və məhz xanım sahibkarlar üçün hazırlanmış “Güc xanımlardadır” məhsulumuz var ki, 14.9% ilə 1 000 000 manata kimi biznes kreditlər təklif edilir. Və xüsusi dizaynda hazırlanmış “Lady Card” plastik kartımız məhz xanımlar üçün nəzərdə tutulub.
- Xanımlar əsasən hansı növ bizneslər üçün kredit götürür? Əsasən hansı məbləğlərdən söhbət gedir?
Son illər ölkəmizdə xanım sahibkarlara artan diqqət nəticəsində xanım sahibkarlarımızın fəaliyyət sahəsi genişlənib və bir çox sahələrdə əhatə edir. Hazırda xanım sahibkarlara verilən kredit portfelinin göstəriciləri say olaraq: 82%-i 10 000 kimi olan, 15%-i 10 000 manatdan 100 000 manatadək, 3%-i isə 100 000 manatdan yuxarı, məbləğ olaraqsa 50%-i 100 000 manatdan yuxarı, 38%-i 10 000 manatdan 100 000 manatadək, 12%-i 10 000 manatadək olan kreditlərdir.
- Biznesin hansı mərhələsində kredit götürülməsi mümkündür?
Biznes kreditləri üçün müraciət edən sahibkarların krediti investisiya edəcəkləri sahədə minimum 6 ay fəaliyyəti olmalıdır ki, onların biznesinin dayanıqlılığını və ödəniş qabiliyyətini müəyyən etmək olsun. Düzdür bəzi hallarda istisnalarda olur.
- Tendensiyalar nə deyir, biznes qurmaq və böyütmək üçün kreditə müraciət edən xanımların sayı artırmı?
Daha öncə də, qeyd etdiyim kimi dövlətimiz tərəfindən xanım sahibkarlara olan diqqət və qayğının artırılması nəticəsində xanım sahibkarlarımızın sayı artır ki, buda sevindirici haldır. Bunun nəticəsində banklara kredit alınması üçün müraciət edən xanımların da sayı artır. Rabitəbank olaraq hesab edirik ki, bu say hər il biraz da artacaq və bunu nəzərə alaraq xanımlar üçün yeni və daha da maraqlı təkliflər üzərində işləyirik.
- Biznes kreditlərinin şərtləri nə qədər əlverişlidir?
Hazırda bankımızda kreditləşmə şərtləri kifayət qədər sadələşdirilib və müştərilərimizə həm istehlak həmdə biznes kreditlərin verilməsi maksimum tez və rahat həyata keçirilir.
- Krediti alan müştəriyə – biznesini idarəetməklə bağlı hər hansı bir tövsiyələr olurmu? Yəni bankınız maliyyə partnyoru ya köməkçisi kimi müştərilərinə kömək edirmi?
Əlbəttə. Müştərilərimiz kredit üçün müraciət edərkən peşəkar əməkdaşlarımız maliyyə təhlili edir və aşkarladığı kənarlaşmalar barədə müştərimizi məlumatlandırır.
1Lady.az