Dünyanın ən varlı insanı furqonda yaşayır: Bəs niyə? | Banco.az

Dünyanın ən varlı insanı furqonda yaşayır: Bəs niyə?

Müəllif:Mehin Qasımova,Banco.az

Dünyanın ən varlı şəxsi İlon Mask hazırda ABŞ-ın Tennessi ştatının Memfis şəhərində furqonda yaşadığını açıqlayıb.

Banco.az xəbər verir ki, Mask bu barədə All-In podkastında SpaceX-in prezidenti və baş əməliyyat direktoru Qvin Şotvell ilə birlikdə çıxışı zamanı danışıb. O, Memfisdəki furqonunu zarafatla “sarayım” adlandırıb.

Maskın Memfisdə qalmasının əsas səbəbi xAI-nin burada apardığı böyük məlumat mərkəzi layihəsidir. Şirkət Grok süni intellekt modelinin işləməsi üçün nəzərdə tutulan "Colossus" superkompüter mərkəzini genişləndirir. İlkin "Colossus" layihəsinin tikintisinə 2024-cü ildə başlanılıb və onun istifadəyə verilməsinin 122 gün ərzində tamamlandığı bildirilir.

xAI iyulun sonunda Memfisdə "Minihard" adlı dördüncü məlumat mərkəzinin tikintisi də daxil olmaqla, infrastrukturunu daha da genişləndirmək planlarını açıqlayıb.

Maskın furqon  seçimi onun iri layihələr zamanı işə mümkün qədər yaxın olmaq vərdişinin davamı kimi təqdim olunur. Qvin Şotvell də podkastda Maskın Memfisdə layihənin tikintisində şəxsən iştirak etdiyini və iş yerində yatdığını bildirib.

Mask uzun illər ABŞ-da bir neçə bahalı daşınmaz əmlaka sahib olub. 2012-ci ildə Los-Ancelesin Bel-Air bölgəsində 17 milyon dollara malikanə alıb. Onun Silikon Vadisində 32 milyon dollar dəyərində mülkünün də olduğu bildirilir.

Lakin 2020-ci ildə Mask daşınmaz əmlakının böyük hissəsini satacağını açıqlayıb. Daha sonra Texas ştatına köçən milyarder SpaceX-in Boca Chica bazası yaxınlığında təxminən 50 min dollar dəyərində kiçik evdə yaşadığını bildirib.