CV-nizin cavabsız qalmasının 9 səbəbi | Banco.az

CV-nizin cavabsız qalmasının 9 səbəbi

Indiyə qədər 100-dən çox ünvana CV göndərmisiniz, amma cavabsiz qalıb? Bəlkə bunun səbəbləri elə CV-dədir. Nələri səhv etdiyinizi bilməyincə, eyni səhvi dəfələrlə təkrarlayacaqsınız.

Bankda iş tapmaq üçün bura daxil olun -  http://banco.az/az/jobs

Yaxşı olar ki, Bəxtiyar Hacıyevin CV-lərlə bağlı məsləhətlərinə əməl edəsiniz:  

Son bir neçə ayda mindən artıq CV-yə baxmalı olmuşuq. Çoxu (90-95%) düzgün tərtib edilmədiyinə görə, açılıb və ilk 5-10 saniyədə bağlanıb. CV-lərlə bağlı gördüyüm bir çox problemi ümumiləşdirib yazmaq istəyirdim, amma hələlik bunlarla kifayətlənməli olacaqsınız:

1) CV-də bir və ya bir neçə hərf səhvi görüldükdə, dərhal bağlayırdıq. Bir adam öz CV-sində bir neçə hərf səhvi edirsə və bunu düzəltməyə əziyyət çəkmirsə, ciddi qəbul edilmir. (Accoutat, offic manage və s.)

2) Dil bilikləri hissəsində English-Fluent yazıb, sonra Azərbaycan dili – “yaxwi” yazırsınızsa, bu da bağlanmaq üçün bir gözəl səbəbdir.

3) Hamının ilk iş təcrübələrində ixtisası ilə bağlı olmayan sahələr olur. Məsələn, kimsə yayda restoranda işləyir, kimsə küçədə kitab satır, kimsə kitabxanada işləyir. Amma bunu mütləq qeyd etməlisinizmi? Mühasib axtaran bir şirkətə sizin tələbəlik illərində bərbər işləməyiniz necə maraqlı ola bilər?

4) Orta məktəb illərindən başlayaraq harada nə sertifikat almısınızsa, hamısını skan edib 9 megabaytlıq bir CV göndərirsinizsə, oxunmamış silinə bilər. Sertifikatlarınızı (məktəbdə fəal şagird, tərifnamə və s.) skan edib əlavə etmək, şansınızı dəfələrlə azaldacaq, nəinki artırmaq. 

5) İstifadə etdiyiniz email ünvanına diqqət edin. Ciddi bir iş üçün CV göndərəndə email hissəsinə killerbaku@mail.ru yazırsınızsa, daha heç bir şey deməyə gərək yoxdur.

Ən sərfəli kredit üçün müraciət et

6) Foto professionaldırsa, qoymaq olar. Amma selfie, yaxud divanda çəkilmiş, yaxud toyda çəkilmiş fotodan kəsilmiş fotonu qoymaqdansa, qoymamaq daha yaxşıdır. 

7) CV-ni göndərəndə başlıqda və məktub hissəsində (bir az vaxtınızı alsa da) 1-2 cümlə yazın, hansı vakansiya üçün göndərdiyinizi və s. Boş başlıq və boş məzmunla sadəcə cv.doc faylını yükləmək sizin bu işi ürəkdən istəmədiyinizi göstərə bilər. 

8) CV göndərdiyiniz məktub başqa yerlərə göndərilmiş məktubun forward edilmiş versiyası olmamalıdır. Bir də baxırsan ki, “Mühasib” vəzifəsinə CV göndərilir, amma başlıqda "Fwd: Tərcüməçi vakansiyası üçün müraciət", məzmunda "Xahiş edirəm, tərcüməçi vakansiyası üçün CV-imi nəzərə alın" yazılır. Bu da o deməkdir ki, əziyyət çəkmədən, hara gəldi, eyni email forward edilir. 

9) Vakansiya üçün ingilis dili tələb edilmirsə, ingilis dilini bilmirsinizsə, CV-nizi Azərbaycan dilində səliqəli yazın. İngilis dilində yazmağa özünüzü məcbur edib "single" əvəzinə "Alone" yazacaqsınızsa, hobbiləriniz arasında (to look at historical films (watch)" yazacaqsınızsa, Azərbaycan dilində normal CV yazmağınız daha yaxşıdır.

Bu arada, həmyerlimizin də iştirakı ilə hazırlanmış JobCV.me saytı ilə CV-nizi daha peşəkar hazırlayıb, endirə və müxtəlif yerlərə göndərə bilərsiniz.

Banco.az saytının CV-lər ilə bağlı məsləhətlərini də unutmayın.

Müxtəlif CV formalarını burada tapa bilərsiniz.

Savadlı tərtib edilmiş CV necə olmalıdır?

CV-lərdə ən çox yol verilən xətalar

Ən son bank vakansiyalarını bizdə izləyin.