Müəllif:Mehin Qasımova,Banco.az
Çin ABŞ-ın İranla əlaqəli Çin və Honkonqda yerləşən şirkətlərə qarşı tətbiq etdiyi yeni sanksiyalara sərt reaksiya verib. Pekin Vaşinqtonu mümkün cavab tədbirləri ilə hədələyib və İranla əməkdaşlığını davam etdirəcəyini bildirib.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian Pekində keçirilən brifinqdə ABŞ-ın yeni sanksiyalarına münasibət bildirərək Çinin birtərəfli sanksiyalara qarşı olduğunu deyib. Onun sözlərinə görə, bu cür addımlar münaqişələrin daha da genişlənməsi riskini artırır.
Lin Jian hazırkı mərhələdə əsas vəzifənin gərginliyi azaltmaq və tərəfləri danışıqlar masasına qaytarmaq olduğunu vurğulayıb.
O əlavə edib ki, Çin vəziyyəti yaxından izləyir və öz maraqlarını qətiyyətlə qorumaq üçün bütün lazımi tədbirləri görəcək.
Qeyd edək ki, Çin İran neftinin əsas alıcılarından biridir. Pekinin Tehranla enerji və ticarət əlaqələri ABŞ-ın sanksiyalarına baxmayaraq davam edir.
Çin 2025-ci ildə Birləşmiş Ərəb Əmirliklərindən sonra İranın ikinci ən böyük ticarət tərəfdaşı olub.
Xüsusilə Çinin İran neftinin əsas alıcısı olması Vaşinqtonun sanksiya siyasəti ilə Pekinin iqtisadi maraqları arasında ziddiyyəti daha da artırır.
