Bu materialı diqqətlə oxuyun, ola bilər ki, Sizin də öz “facebook”, “ınstagram”, “whatsApp” hesabınızı bağlamaq vaxtınız çatıb.
Sosial şəbəkələr dövrümüzün fenomenidir. Dünyada əksər insanlar həyatlarını sosial şəbəkəsiz təsəvvür etmir, bir çoxları isə virtual həyatı, real dünya kimi qəbul edir. Əksəriyyət psixoloqlar texnologiya dövrünün ən dəhşətli düşməninin kompüter oyunları olduğunu söyləsələr də, digərləri isə bundan daha təhlükəli olan sosial şəbəkələrin insan ruhunu şikəst etdiyi qənaətindədir.
Psixoloq Ruhəngiz Qarayeva sosial şəbəkələrin insan psixologiyasına təsirini belə analız edir: “Sosial şəbəkələrin mənfi təsiri ilə bağlı psixoloqa müraciət edən insanlar son vaxtlar artıb. Bunları ümumilikdə 4 tipə ayırmaq olar. Birinci tip: “Məndə də, ondakı kimi olsun”, ikinci tip: “Ondan zəhləm gedir”, üçüncü tip: “Onun kimi etmək lazımdır” və sonuncu dördüncü tip: “Onlar mələkdir” adlandırmaq olar”.
Birinci tip: “Məndə də, ondakı kimi olsun”
"Mən tək yaşıyıram və işdən evə geç gəldiyim üçün dostlarımla görüşə bilmirəm, boş vaxtımı sosial şəbəkələr də keçirirəm. İstifadə etdiyim 3 sosial şəbəkə gündə 4-5 saat vaxtımı alır. Amma düzünü deyim ki, sosial şəbəkələrə baxdıqca ağlıyıram, çünki mən də burdakı qızlar kimi uğurlu olmaq istiyirəm. Onların həyatı sanki bayramdır, gözəl bədən qurluşları, gözəl geyimləri, hər gün kafelərdə, istirahətdə, hədiyyələr, güllər içindədirlər. Axı niyə onlarda hər şey var, məndə heç nə yoxdu, mən də onlar kimi yaşamaq istiyirəm”.
25 yaşlı Aytən sosial şəbəkədə keçirdiyi vaxtın ona təsirini çox səmimi formada, olduğu kimi danışır. O, öz yaşıdlarına həsəd apardığını etiraf edir. Bəs yaxşı, Aytən və onun timsalında neçə-neçə gənc xanımlarda baş verən bu ümidsizlik nə ilə bağlıdır?
Psixoloq Ruhəngiz Qarayeva: “Aytən sosial şəbəkələrdən asılıdır, əks halda o saatlarla sosial şəbəkədə keçirdiyi vaxtın əvəzinə dostları ilə də görüşə bilərdi. Bəs niyə sosial şəbəkələrdən aslıdır? Çünki bu, onun xəyal dünyasıdır. Orada başqa insan rolunda özünü görür. Amma real həyat çətin, qorxunc və təhlükəlidir.
Onun başqalarına qarşı hiss etdiyi həsəd, uşaqlıq dövründə formalaşan özünə inamın aşağı olmasıdır. Bu halda çıxış yolu bütün sosial şəbəkələrdən uzaqlaşıb, nə qədər çətin olsa da real həyata qayıtmaq və uğurlu gənc qızlarla tanış olmağa özünü məcbur etməkdir. Başqalarına həsəd aparmaq, nifrətə çevrilən qısqanclıq hissi, əlbəttə ki, normal deyil və bununla insan özünə ancaq neqativləri çəkir ki, bu da insanın uğur qazanmasına mane olur”.
İkinci tip: “Ondan zəhləm gedir”
“Onu görməyə gözüm yoxdu. Onun nəyi məndən artıqdır? Kiprik əkdirib, maşın alıb, gündə ən azı xoşbəxt və uğurlu olmağı ilə bağlı 10 status paylaşır. Mənə elə gəlir ki, həyasızın biridir. Sevgilisinin sevgi etriflarını, romantik anlarını paylaşdıqca dəli oluram əsəbimdən. Statuslarına neqativ şərhlər yazıram. Əminəm ki, oxuyub əsəbləşir. Qoy əsəbləşsin, mən necə əsəbləşirəmsə o da eləcə əsəbləşsin”.
Bütün dünyaya nifrət bəsləyən 30 yaşlı Türkanın səmimi etirafları...
Psixoloq Ruhəngiz Qarayeva: “Bu, Türkanın hiss etdiyi emosiyalardı. Bəs nə üçün o bu duyğuları yaşayır? Türkan özünü başqaları ilə eyniləşdirdiyi üçün başqa qızlar kimi olmaq istəyi onda aqressiya yaradır. Aqressiya da, asılılıq kimi özünəinamın azlığından yaranır ki, bu da valideyinlə, dostlarla, kolleqalarla münasibət qurmaqda çətinliklər yaradır. Türkan kommentlərində aqressiyasını bildirməklə özünə qarşı olan hiddətdən azad olmağa çalışır. Ümumiyyətlə əksərən nifrət müəyyən bir insana deyil, şəxsin özünə yönəlmiş olur. Bu vəziyyətdə Türkan da sosial şəbəkələrdən uzaqlaşmalı və real həyatda insanlarla münasibət qurma başarığını artırmalıdır”.
Üçüncü tip: “Onun kimi etmək lazımdı”
“Mənim övladımın 2 yaşı var. Ərim çox yorğun olur, bizə diqqət ayırmır. Mən ona kömək etmək qərarına gəlmişəm. Sosial şəbəkələrdə işgüzar gənc analar gördüm və düşündüm ki, onlar kimi olmalıyam. Analarla bağlı qrup açdım, statuslar yazdım, düşündüm ki, izləyici sayım həddən artıq çox olacaq və mən reklamdan pul qazanacam. Təəssüf ki, nən də heç nə alınmadı. Mən artıq ağlamaq səviyyəsindəyəm, niyə onlarda alınır, mən də yox”.
Analıq məzuniyyətində olan 35 yaşlı Zahidə düşdüyü depressiv vəziyyəti belə izah edir...
Psixoloq Ruhəngiz Qarayeva: “Zahidənin situasiyası çox geniş yayılıb. Uşaq dünyaya gələndən sonra gənc analar həm fiziki, həm mənəvi cəhətdən özünə inamsız olur. Monaton həyat, əri ilə münasibətlərinin nisbətən soyuqluğu, özünü realizəyə can atmağa təhrik edir. Qorxu ilə möhkəmlənmiş, valideyinlərinin həyat senarisini təkrarlamamaq istəyi, özünəinamsızlıq, hər kəsə “mən bacarıram” deməyə çalışmaq onların əsas motivasiyasıdır. İlk uğursuzluqda isə özünə inam düşür və depressiv vəziyyət yaranır”.
Dördüncü tip: “Onlar mələkdir”
“Mən mələk kimi 3 qadını izləyirəm. İmkan olan kimi onların səhifəsinə daxil olub baxıram. Biri çox gözəl qızdı –modeldir, yaxtalarda, foto çəklişlərdə, yaraşıqlı kişilərin əhatəsindədir, şəxsi maşını da var. Çox gözəldirlər, bədən qurluşu, saçları, üz dərisi!... İkincisi çox uğurlu qadındır. Öz biznesi var, çox ağıllıdır, onun komentlərini çox bəyənirəm. Çox gözəl evi, bağı var. Digəri isə 3 uşaq anasıdır. Çox təəccüblənirəm ki, necə belə gənc, gözəl qalmaq olar? Həm işliyir, həm əri ilə normal münasibətləri var. O, mənə çox motivasiya verir, gələcəyə ümidlənirəm. Bilirsiniz nəyə təsirlənirəm? Mən ona hərdən öz ürək sözlərimi yazıram, o isə heç vaxt cavab vermir, heç sağ ol belə yazmır, bu məni çox təəssüfləndirir. Mən axı onun pərəstişkarıyam, pis heç nə yazmıram, niyə mənimlə belə davranırlar bilmirəm”.
Sosial şəbəkədə 3 qadının pərəstişkarına çevrilmiş 25 yaşlı tələbə, Səbinə...
Psixoloq Ruhəngiz Qarayeva: “Səbinənin problemi digərləri ilə müqayisədə daha çiddidir. Çətinlik ondan ibarətdir ki, Səbinə hələ özünü dərk etmiyib, o necə biri olduğunu bilmir. Uşaqlıq travmaları onda bir qadın kimi özünü eyniləşdirmənin olmadığından xəbər verir. Onun sosial şəbəkədə izlədiyi hər 3 qadın, özü üçün qurduğu ideal qadın obrazıdı. Biri gözəldir, modeldir, ikincisi “bizneswomen”di, üçüncüsü isə əvvəlki iki qadında olan xüsusiyyətlərlə yanaşı, həm də xoşbəxt ailəsi ilə Səbinənin motivasiya qaynağına çevrilib. Bütün bu obrazlarda o özünü görür, amma Səbinə heç vaxt özünü olduğu kimi görməyib. Daha düzünü desək, o, əslində necə olduğunu bilmir. Onun bütün cəhdləri, fanatı olduğu insanlar kimi olmaqdı.
Statuslar və Səbinəni yazdığı mesajlar onu heyranlıq etdiyi həmin məqamlara yaxınlaşdırdı, xəyalən də olsa onlarla bir ortamı bölüşür. Bu mesajlar cavabsız qaldıqda isə, doğrulmayan ümidlər, xəyal qırıqlığı və nəticədə depressiv vəziyyət”.
Psixoloqun sözlərinə görə, “başqasının həyatını” gördükdə insanların düşə biləcəkləri vəziyyətlərdən sadəcə bir neçə nümunədir. Sosial şəbəkələr insanlar arasındakı divarı parçaladı: daha az uğuru və imkanı olan, daha imkanlı və uğurlu birinin necə yaşadığını görür və izləyir. Bu kimisə motivasiya edir, kimisə dərin depressiyaya salır.
Hər halda, başa düşmək lazımdır ki, sosial şəbəkə - həqiqət deyil. Əksəriyyət hallarda, Siz insanın gerçək həyatını görmürsünüz. Məsələn, şəbəkədə özünü müvəffəqiyyətli, sevib – sevilən xoşbəxt qadın kimi təqdim edən biri, real həyatda həyat yoldaşı ilə çox pis münasibəti olan bədbəxt qadın ola bilər. Virtual həyatda özünü xoşbəxt göstərməklə, həqiqətən xoşbəxt olduğuna inanmağa çalışır. Digər bir halda, bahalı avtomobillərdə, gözəl villaların ətrafında və s. şəkillərini paylaşan model bunlara sahib olmaya bilər. Bu şəkillər onun işinin bir atributudur və o, bu işin xaricində onun həyatının belə rəngarəng olduğunu ifadə etmir.
Sokrat deyirdi: "Mən onu bilirəm ki, heç nə bilmirəm". Bunu unutmayın və özünüzə olan münasibətinizi sosial şəbəkələr üzərindən müəyyən etməyin. Hər gün sevinclə yaşayın və ünsiyyətə girin. Olduğunuz kimi olun və başqası olmağa çalışmıyın. Çalışın ki, sosial şəbəkələr sizin üçün faydalı məlumat mənbəyi olmaqla yanaşı, sağlam ünsiyyət, yeni tanışlıq mənbəyi və yeni iş imkanları olsun.
Ted.az