Azərbaycandan tədarük edilən təbii qazın ümumi həcmi Bolqarıstanın illik istehlakının 60%-dən çoxunu təşkil edir.
Bolqarıstanın Energetika Nazirliyi xəbər verir ki, bu barədə bu ölkənin energetika nazirinin müavini Kirill Temelkov Bakı Enerji Həftəsi çərçivəsində bildirib.
"Bolqarıstan və Azərbaycanın dövlət şirkətləri arasında bağlanmış uzunmüddətli müqavilə çərçivəsində Bolqarıstan daxili istehlak üçün təbii qaz tədarükünün əhəmiyyətli hissəsini təmin edir. Azərbaycandan ölkəmizə tədarük edilən təbii qazın ümumi həcmi illik istehlakımızın 60 %-dən çoxunu təşkil edir. Eyni zamanda, bu həcmin bir hissəsi qonşu ölkələrin bazarlarına paylanır, buna görə də Azərbaycan həm Bolqarıstan, həm də qonşu ölkələrimiz üçün etibarlı və mühüm tərəfdaşdır", - Temelkov deyib.
O əlavə edib ki, Bolqarıstan məhz buna görə bu əməkdaşlığın genişləndirilməsi ilə bağlı Azərbaycanın Energetika Nazirliyi ilə fəal danışıqlar aparır.
Temelkov Bakıya səfəri çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəhbərliyi ilə də görüş keçirib.
"Danışıqlar regional əməkdaşlığın dərinləşdirilməsi və qarşılıqlı maraq kəsb edən birgə layihələrin həyata keçirilməsi imkanlarına yönəlib", - məlumatda bildirilib.
Xatırladaq ki, Azərbaycan qazı Bolqarıstana Cənub Qaz Dəhlizi və Yunanıstan - Bolqarıstan interkonnektoru vasitəsilə tədarük edilir.
2013-cü ildə 25 il müddətinə imzalanmış saziş ildə 1 milyard kubmetr qazın tədarükünü nəzərdə tuturdu. Lakin enerji böhranı və Sofiyanın artan tələbatı fonunda həcmlər tədricən artırılıb: 2024-cü ildə tədarük 1,896 milyard kubmetrə, 2025-ci ildə isə 1,931 milyard kubmetrə çatıb.
report
