Bank kartlarımızı dələduzlardan necə qoruyaq? | Banco.az

Bank kartlarımızı dələduzlardan necə qoruyaq?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Son zamanlar insanlar alış-veriş zamanı nağd pullara deyil, onlayn ödənişlərə üstünlük verirlər. Bunun səbəbi isə bankların təklif etdiyi müxtəlif kampaniyalar, kəşbek faizləri, bonuslar və s. kimi üstünlüklərdir.

Kartla əməliyyatların asan olması kartda olan vəsaitin qorunmasının da vacibliyini önə çıxarır. Belə ki, kartdan istifadə zamanı cüzi ehtiyatsız davransaq, diqqətli olmasaq, bu, kartda olan vəsaitin oğurlanmasına gətirib çıxara bilər. Artıq dələduzlar da fərqli üsullardan istifadə etməyə başlayıblar. Bəs bu kimi hallarla qarşılaşmamaq üçün nə etmək lazımdır? Kartımızı dələduzlardan necə qoruya bilərik?

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Banco.az-a bildirib ki, insanlar artıq onlayn ödənişlərə keçirlər:

"Kağız pullar əhəmiyyətini itirir. Əvvəlki cibgirlər, dələduzlar da artıq yeni yollara əl atmağa başlayıblar. Əvvəllər bankomatlarda pensiyonerlərin kart kodlarını oğurlayırdılar, indi isə onlar müxtəlif yollarla kartınızın məlumatlarını götürüb pul oğurlaya bilirlər.

Bunun da fərqli yolları var - fişinq, səslə oğurlama və s. kimi. Fırıldaqçılar telefonla zəng edərək, gmaillər vasitəsilə, hədiyyə qazandığınızı deyərək, yaxud da onlayn loterayalarda qalib olduğunuzu deyərək müxtəlif yollarla kartınızın məlumatlarını götürə bilirlər.  

Kart məlumatlarınız hər hansısa bilmədiyiniz proqramdan istifadə edəndə də oğurlana bilər".

İqtisadçı deyib ki, bunun qarşısının alınmasının bir sıra yolları var: "Bunlardan biri bankların tətbiq etdiyi ikiqat təsdiqlənmə mexanizmidir. Hansı ki, ödənişlər edərkən telefonunuza təsdiq etmək üçün kod göndərilir.

İkinci metod olaraq bankdan kartın onlayn ödənişlər hissəsini bağlada bilərsiniz.

Məsələ burasındadır ki, ənənəvi metodlar aradan qalxır. Kartla olan əməliyyatlar rahat üsullardır. Bu səbəblə də kartla ödənişlər populyarlaşır. Və bunu çətinləşdirməklə işimizi də çətinləşdiririk. Bunun qarşısını almaq üçün maksimal dərəcədə ehtiyatlı olmaq lazımdır. Əmin olmadığınız yerlərə kartın məlumatlarını yazmamaq, məlumatları gizli saxlamaq, heç kəsə kartın nömrələrini verməmək lazımdır.

Ən sərfəli kredit üçün müraciət et

Heç bir dövlət orqanı, bank sizə zəng vuraraq, yaxud gmaillə sizdən kartınızın məlumatlarını istəmir, əgər lazım olarsa, sizi banka dəvət edirlər və orada yazılı prosseslər gedir.

Elektron müraciətlərə zənglərə inanıb kart məlumatlarını paylaşmamaq lazımdır. İnsanların daha diqqətli olmasına ehtiyac var.

Əgər insanlar onlayn ödəmələrə maraqlıdırlarsa, debet kartları alıb, kiçik məbləğləri ora yükləyərək ödənişlərini həyata keçirə bilərlər.

Eyni zamanda saytların adlarına, email adlarına diqqət yetirmək lazımdır. Çünki dələduzlar həmişə təntənəli adlardan istifadə edirlər. Bir az diqqətli olanda həmin emaillərin doğru olmadığını anlamaq olur".  

Əlavə olaraq qeyd edək ki, ödəniş terminallarından, ATM-lərdən istifadə edərkən kartınızı tanımadığınız insanlara verməkdən çəkinməlisiniz. Bunlar daha çox ödənişlərdə, yaxud pulun çəkilməsi zamanı köməyə ehtiyacı olan yaşlı insanların üzləşdiyi hallardır. Eyni zamanda, bank kartlarının arxa tərəfində olan üç rəqəmli kodu (CVV) heç kimlə bölüşməyin.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram