Müəllif:Gülbəniz Hüseynli/Banco.az
2024-cü ilin noyabr ayında qızılın dünya bazarındakı qiymətində əhəmiyyətli artım müşahidə olunub. Oktyabr ayının sonlarında qızılın bir unsiyası 2 800 ABŞ dollarını keçərək tarixi maksimuma çatıb. Noyabrın ilk həftələrində qiymətlər bir qədər enərək 2 694,4 dollara düşsə də, ekspertlər ilin sonuna qədər qiymətin 3 000 dollar həddini keçəcəyini proqnozlaşdırırlar.
Dünya mediası qızılın qiymət artımını bir neçə əsas faktorla əlaqələndirir.
"Reuters" agentliyi bu artımı qlobal geosiyasi gərginliklər və iqtisadi qeyri-müəyyənliklərlə izah edir. Digər tərəfdən, "Bloomberg" investorların qızılı təhlükəsiz liman olaraq görməsini və ABŞ-nin monetar siyasətindəki dəyişikliklərin bu artıma təsir etdiyini vurğulayıb.
Bir çox ekspertlər ABŞ-dakı siyasi və iqtisadi proseslər, xüsusilə də keçmiş prezident Donald Trampın 2024-cü il seçkilərində mümkün qələbəsini, qızılın qiymətinə təsir edən əsas amillərdən biri olaraq qiymətləndirlər.
Bu barədə Banco.az-a açıqlama verən iqtisadçı Xalid Kərimlinin sözlərinə görə, dolların güclənməsi və ABŞ-da xəzinə notlarının gəlirliliyinin artması, Azərbaycanda qızılın qiymətlərinə dolayısı ilə təsir göstərir.
“Faiz dərəcələrinin daha az azaldılması gözləntiləri qızılın qiymətinə mənfi təsir edir. Bu, əsasən qızıl və digər əmtəələrin dolların dəyərinə qarşı yüksək həssaslığı ilə bağlıdır.Ümumiyyətlə, dolların qiyməti artdıqca qızılın qiyməti aşağı düşməyə meyilli olur.
İqtisadçı qeyd edib ki, bir neçə həftə əvvəl faiz dərəcələrinin sürətlə azaldılacağı gözlənilsə də, inflyasiyanın növbəti il üçün daha yavaş enəcəyi ilə bağlı əminlik azalıb.
“Bunun nəticəsində xəzinə fondlarının gəlirliliyi və dolların qiyməti artır. Bu, inflyasiya gözləntiləri ilə əlaqəli fərqlərə səbəb olur," – deyə Kərimli əlavə edib.
Bu beynəlxalq proseslər Azərbaycanda qızıl qiymətlərinə də təsirsiz ötüşmür. Hətta son həftələrdə qızılın qiymətində müəyyən eniş müşahidə edilib. Məsələ ilə bağlı Xalid Kərimli bildirib ki, qızıl qiymətləri hazırda 8 həftənin ən aşağı səviyyəsində olsa da, ümumilikdə tarixi maksimum qiymət intervalında qalmağa davam edir.