Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan vətəndaşları 2026-cı ilin may ayında Türkiyədə 66 mənzil alıblar. Ötən ay azərbaycanlılar Türkiyədən ən çox mənzil alan 5-ci xarici ölkə vətəndaşları olublar. Ümumiyyətlə, azərbaycanlılar tərəfindən son illərdə Türkiyənin mənzil bazarına maraq yüksəlib. Bunun əsas səbəbi nədir? Qiymətlər daha aşağdır, yoxsa digər səbəblər var?
Əmlak məsələləri üzrə ekspert Anar Nəsirov Banco.az-a açıqlamasında bildirib ki, əgər əvvəlki illərlə müqayisə etsək, görərik ki, Azərbaycan vətəndaşlarının Türkiyədən mənzil alması ildən-ilə artır:
"Bunu yalnız qiymətlə əlaqələndirmək düzgün olmaz. Çünki mənzillərin daha ucuz olduğu başqa ölkələr də var. Əgər əsas səbəb yalnız qiymət olsaydı, həmin ölkələrdə də azərbaycanlıların mənzil alması eyni templə artardı.
Bunun əsas səbəblərindən biri Azərbaycan və Türkiyə arasında mövcud olan "iki dövlət, bir millət" münasibətidir. Azərbaycan vətəndaşı Türkiyədə özünü yad ölkədə hiss etmir. Dil və din ortaqlığı, oxşar adət-ənənələr insanlara rahat ünsiyyət qurmağa imkan yaradır. Türkiyədə yaşamaq üçün əlavə dil öyrənməyə və ya tərcüməçiyə ehtiyac olmur.
Digər tərəfdən, həm Türkiyə vətəndaşları Azərbaycanda, həm də Azərbaycan vətəndaşları Türkiyədə səmimi qarşılanırlar. İstər gündəlik həyatda, istər qonşuluq münasibətlərində, istərsə də ictimai yerlərdə insanlar özlərini rahat hiss edirlər. Bu da qarşılıqlı şəkildə həmin ölkəyə bağlılığı və marağı artırır.
Bir sözlə, Türkiyə Azərbaycan vətəndaşları üçün doğma ölkə hesab olunur. İnsanlar orada özlərini Azərbaycandakı kimi hiss etdiklərinə görə hər il Türkiyədə ev, mənzil və kommersiya obyektləri alan azərbaycanlıların sayı artır".
Ekspertin sözlərinə görə, bu artımın əsas səbəbi ortaq dil, din, adət-ənənə və milli bağlılıqdır: "İki ayrı dövlət olsaq da, bir millətik və bu amil qərarvermədə ən mühüm faktorlardan biridir.
İkinci mühüm səbəb isə Türkiyənin son illərdə artan nüfuzudur. Son 20 ilə nəzər salsaq, görərik ki, Türkiyə artıq əvvəlki Türkiyə deyil. Dünyada söz sahibinə çevrilib və beynəlxalq nüfuzu xeyli artıb. Bu da gələcəkdə Türkiyədə əmlaka yatırım edənlərin qazanc əldə edəcəyinə dair gözləntiləri gücləndirir.
Qısa desək, vətəndaşlarımız Türkiyəni öz vətəni kimi gördükləri, orada özlərini yad hiss etmədikləri və heç bir ayrı-seçkiliklə qarşılaşmadıqları üçün həmin ölkədə yaşamağa və əmlaka yatırım etməyə üstünlük verirlər.
Mən hesab edirəm ki, Türkiyədə əmlak alan Azərbaycan vətəndaşlarının sayı gələcək illərdə də artacaq".

Anar Nəsirov həmçinin əlavə edib ki, digər amillərdən biri də Türkiyədə iş imkanlarının daha geniş olmasıdır: "Əməkhaqqı da bir çox sahələrdə Azərbaycandan yüksəkdir və işçi qüvvəsinə tələbat böyükdür. Əvvəllər bu boşluğu əsasən Suriya vətəndaşları doldururdular, lakin onların böyük hissəsi ölkələrinə qayıtdıqdan sonra Türkiyədə boş iş yerlərinin sayı artıb.
Bununla yanaşı, Azərbaycan vətəndaşlarının əksəriyyəti Türkiyədə əmlakı əsasən istirahət məqsədilə alır. Türkiyə turizm baxımından inkişaf etmiş ölkələrdən biridir. Mənzil alanların böyük hissəsi həmin evlərdən istirahət zamanı istifadə edir, daha az hissəsi isə orada yaşamaq və ya işləmək məqsədilə əmlak alır.
Türkiyədə əmlaka yatırım həm yaşamaq, həm də gəlir əldə etmək baxımından əlverişli hesab olunur. İnsanlar ilin müəyyən dövründə özləri həmin evdə qalır, digər aylarda isə mənzili turistlərə kirayə verərək əlavə gəlir əldə edə bilirlər.
Bu baxımdan Türkiyənin əmlak bazarı Azərbaycan vətəndaşları üçün uğurlu istiqamətlərdən biri hesab olunur. Türkiyə turizm ölkəsi olduğu üçün hər il milyonlarla xarici turist qəbul edir. Bu da əmlakın kirayəsindən gəlir əldə etmək imkanlarını artırır. İnsanlar aldıqları mənzildə müəyyən müddət özləri yaşadıqdan sonra onu turistlərə kirayə verməklə büdcələrinə əlavə gəlir qazandıra bilirlər".
Bizi sosial şəbəkələrdən izləyin!!
