Asiya alıcıları yenidən ABŞ neftinə üz tuturlar | Banco.az

Asiya alıcıları yenidən ABŞ neftinə üz tuturlar

Müəllif: Tamara Mustafayeva, Banco.az

Asiya alıcıları yenidən ABŞ neftinə üz tuturlar.

Banco.az xəbər verir ki, ABŞ neftinin satışı və As.iya neft emalı zavodlarının tədarük prosesində iştirak edən, adlarının açıqlanmasını istəməyən ən azı üç rəhbər bildirib ki, ABŞ mənşəli neft yüklərinin spot satışları üzrə danışıqlara yenidən başlanılıb.

ABŞ xam neftinə marağın yenidən artması, Yaxın Şərqdən gələn yüksək həcmli tədarükün spot bazara təsir göstərməsi səbəbindən bir müddət dayanmış danışıqların bərpası fonunda baş verib. Bununla yanaşı, atəşkəsin faktiki olaraq qüvvədən düşmüş hesab edilməsi bu tədarük axınlarını yenidən risk altına salıb.

Son günlər gəmilərə qarşı hücumların artması fonunda Vaşinqton İran limanlarına tətbiq edilən blokadanı yenidən qüvvəyə mindirib. ABŞ Prezidenti Donald Tramp isə ABŞ-ın dəstəyi ilə Hörmüz boğazından keçən yüklərə 20 faiz həcmində tranzit rüsumunun tətbiq olunmasını təklif edib.

Hazırkı neft qiymətləri nəzərə alındıqda, bu rüsum bir supertankerin keçidi üçün təxminən 30 milyon dollara bərabərdir. Müharibənin ilk günlərində isə İran oxşar səfər üçün təxminən 2 milyon dollar tələb edirdi.

Vəziyyətin daha da gərginləşməsi dəniz daşımaları və neft bazarlarında ciddi pozuntular yaradıb. Halbuki bazar iştirakçıları yaxın vaxtadək Fars körfəzindən enerji tədarükünün bərpasına uyğunlaşmaq üçün fəaliyyətlərini yenidən təşkil edirdilər.

Çərşənbə axşamı gününə olan məlumata görə, Hörmüz boğazından keçən müşahidə edilə bilən gəmi hərəkəti demək olar ki, tamamilə dayanıb. Bununla belə, İranın izləmə siqnallarını söndürərək xam neft daşıyan tankerləri gizli şəkildə Fars körfəzindən çıxarmağa davam etdiyi bildirilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram