Müəllif: Tamara Mustafayeva, Banco.az
“Anthropic” xəbərdarlıq edir: Süni intellekt özünü inkişaf etdirə bilər.
Banco.az xəbər verir ki, süni intellekt şirkəti “Anthropic” bildirib ki, süni intellekt sistemləri getdikcə daha çox insan müdaxiləsi olmadan proqram təminatının hazırlanması və tədqiqat proseslərini həyata keçirə bilir. Şirkətin fikrincə, bu meyl davam edərsə, həmin sistemlər gələcəkdə özlərini təkmilləşdirə bilən quruluşlara çevrilə bilər.
Şirkət həmtəsisçi Cek Klark və “Anthropic İnstitutu”nun rəhbəri Marina Favaro tərəfindən qələmə alınmış “Süni intellekt özünü qurduqda” adlı bloq yazısını yayımlayıb.
Yazıda qeyd olunur ki, əvvəllər süni intellektin hazırlanması prosesləri əsasən insanlar tərəfindən həyata keçirilirdi. Lakin “Anthropic”də bu vəzifələrin getdikcə daha böyük hissəsi süni intellekt sistemlərinə həvalə olunur və bu da inkişaf prosesinin sürətlənməsinə şərait yaradır.
Məqalədə bildirilir ki, bu tendensiya davam edərsə, süni intellekt sistemləri öz varislərini layihələndirib inkişaf etdirə biləcək səviyyəyə çata bilər. Bu proses “rekursiv özünü təkmilləşdirmə” adlandırılır.
Yazıda vurğulanır: “Biz hələ həmin mərhələdə deyilik və rekursiv özünü təkmilləşdirmə qaçılmaz deyil. Lakin bu, bir çox qurumun hazırlaşdığından daha tez baş verə bilər.”
Bizi sosial şəbəkələrdən izləyin!!
