Alternativ enerji istehsalında artım var: Vətəndaşlar daha ucuz enerji ala bilər | Banco.az

Alternativ enerji istehsalında artım var: Vətəndaşlar daha ucuz enerji ala bilər

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

2024-cü ilin yanvar-may ayları üzrə operativ məlumatlara əsasən, ötən 5 ay ərzində respublikada elektrik enerjisinin istehsalı 11 231,4 mln. kVt·st olub.

Bu barədə Banco.az-a Energetika Nazirliyindən bildirilib.

Hesabat dövründə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 9 900,6 mln. kVt·st (İES-lərdə 8 789,5 mln. kVt·st, SES-lərdə 1 111,1 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 177,3 mln. kVt·st (İES-lərdə 73,9 mln. kVt·st, SES-lərdə 79,2 mln. kVt·st, Günəş ES-də 24,2 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 19,2 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 1 134,3 mln. kVt·st təşkil edib.

Yanvar-may ayları üzrə elektrik enerjisinin ixracı 426,8 mln. kVt·st, idxalı isə 80,9 mln. kVt·st olub.

2024-cü ilin may ayında respublika üzrə elektrik enerjisinin istehsalı 1 999,5 mln. kVt·st olub. Bu ayda elektrik enerjisinin ixracı 20,4 mln. kVt·st, idxalı isə 19 mln. kVt·st  təşkil edib.

“Azərbaycanda alternativ enerjiyə maraq böyükdür”

Alternativ və bərpa olunan enerji mənbələri hesabına quraşdırılacaq yeni generasiya güclərində günəş enerjisinin xüsusi çəkisi 73% (günəş-istilik 58%, günəş-elektrik 15%) təşkil edir. Azərbaycan Respublikasında günəş enerjisinin iqtisadi potensialı 20,000 meqavat həcmində qiymətləndirilir.

Qəbul edilmiş dövlət proqramları və struktur islahatları nəticəsində 2009-cu ildən başlayaraq dövlət və qeyri-dövlət müəssisələri tərəfindən ölkəmizdə bu istiqamətdə işlər görülüb, yeni elektrik stansiyaları tikilib istifadəyə verilmişdir. Bunlara Qobustan, Suraxanı, Pirallahı, Samux və Qaradağ rayonu, Sumqayıt şəhəri, və Naxçıvan MR Babək rayonunda istifadəyə verilmiş günəş elektrik stansiyalarını nümunə göstərə bilərik.

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı” da təşkil olunub.

2023-cü ilin 26 oktyabr tarixində BƏƏ-nin “Masdar” şirkəti ilə əməkdaşlıq çərçivəsində Xəzər regionunun və MDB məkanının ən böyük günəş elektrik stansiyası olan 230 MVt gücündə “Qaradağ Günəş Elektrik Stansiyası istifadəyə verilib. Stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib və ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır. Stansiyada hər il 500 milyon kVt·st elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. Eyni zamanda, atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. 550 hektar ərazini əhatə edən elektrik stansiyada 570 min günəş paneli quraşdırılıb. Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya tikilib.

Ən sərfəli kredit üçün müraciət et

31 may 2023-cü il tarixində “Bakı Enerji Həftəsi” çərçivəsində Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə “Maire Tecnimont” şirkəti arasında enerji keçidi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandumun məqsədi tərəflər arasında enerji məsələləri, o cümlədən bərpa olunan enerji, “yaşıl enerji”yə keçid və enerji səmərəliliyi ilə bağlı sahələr üzrə əməkdaşlığın gücləndirilməsindən ibarətdir.

1 iyun 2023-cü il tarixində Energetika Nazirliyi ilə Çinin “China Gezhouba Group Overseas Investment” şirkəti arasında Azərbaycanda 2 QVt gücündə bərpa olunan enerji layihələrinin həyata keçirilməsinə dair Anlaşma Memorandumu imzalanıb. Memorandum Azərbaycanda sənaye miqyaslı günəş enerjisi, quruda və dənizdə külək enerjisi, enerji saxlama və inteqrasiya olunmuş ağıllı enerji sistemləri, həmçinin yaşıl hidrogen istehsalı layihələrinə investisiya qoyuluşu üçün potensialın qiymətləndirilməsi üzrə əməkdaşlığı ehtiva edir.

“Bərpa olunan enerji mənbələri üzrə artım var”

Millət vəkili Vüqar Bayramov bildirib ki, 2023-cü  ilin ilk 2 ayında cəmi 8.4 milyon kVt·st günəş enerjisi istehsal olunsa da, 2024-cü ilin ilk 2 ayında Azərbaycanda günəş enerjisi istehsalı kəskin artıb. Belə ki, bu dövrdə günəşdən alınan enerji 6 dəfə artaraq 50,7 milyon kVt·st olub.

İqtisadçı qeyd edib ki, 2024-cü ilin yanvar-ferval aylarında külək elektrik stansiyalarında 9,5 milyon kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 41,7 milyon kVt·st elektrik enerjisi istehsal edilib.

Bərpa olunan enerji istehsalındakı artımlar elektrik enerjisinin qiymətlərini azalda bilərmi?

“İnkişaf etmiş ölkələrdə icmalar və eləcə də ailələr bərpa olunan enerji mənbələrdən, o cümlədən külək və günəş şüalarından enerji istehsal edərək həm öz istehlaklarını ödəyirlər, həm də artıq hissəni dövlətə satırlar. Oxşar praktikanın Azərbaycanda tətbiq olunması elektrik enerjisi istehsalını artırmaqla yanaşı vətəndaşların daha ucuz enerji almasına gətirib çıxara bilər. Bunun üçün icma əsaslı inteqrasiya olunmuş infrastrukturun formalaşdırılması da vacibdir”.

Ən sərfəli krediti almaq üçün müraciət et