Müəllif: Tamara Mustafayeva, Banco.az
Aİ texnoloji suverenlik planını açıqlayıb.
Banco.az xəbər verir ki, Avropa Komissiyası “Avropa Texnoloji Suverenliyi Paketi”ni ictimaiyyətə təqdim edib. Paketə “Çip Aktı 2.0”, “Bulud Texnologiyaları və Süni İntellektin İnkişafı Aktı”, “Açıq Mənbə Strategiyası”, eləcə də Enerji Sektorunda Rəqəmsallaşma və Süni İntellekt üzrə Strateji Yol Xəritəsi daxildir.
Sənədə əsasən, Avropanın yarımkeçiricilər, süni intellekt, bulud texnologiyaları və açıq mənbə sahələrində imkanları gücləndiriləcək, rəqəmsal müstəqilliyi artırılacaq.
Avropa İttifaqında fəaliyyət göstərən müəssisələrin, vətəndaşların və dövlət qurumlarının əsas texnologiyalar üzrə seçim imkanları genişləndiriləcək. Bu çərçivədə Avropanın əsas rəqəmsal texnologiyalar sahəsində xarici təchizatçılardan asılılığının azaldılması hədəflənir.
İnvestisiya layihələri üçün icazə prosedurları sürətləndiriləcək
“Çip Aktı 2.0” çərçivəsində süni intellekt texnologiyalarında istifadə olunan qabaqcıl çiplərlə yanaşı, geniş tətbiq olunan əsas çiplərin də istehsal gücü artırılacaq.
Bu sahəyə yönələn investisiyalar üçün icazə prosedurları sürətləndiriləcək və oxşar baxışlara malik tərəfdaşlarla əməkdaşlıq daha da dərinləşdiriləcək. İnvestisiyalar və strateji layihələr dəstəklənərkən təchizat riskləri və həssas məqamlar da nəzərə alınacaq.
“Bulud Texnologiyaları və Süni İntellektin İnkişafı Aktı” ilə növbəti 5-7 il ərzində Avropadakı məlumat mərkəzlərinin tutumunun üç dəfə artırılması nəzərdə tutulur. Eyni zamanda, qabaqcıl və dayanıqlı texnologiyalar sahəsində tədqiqat və innovasiya fəaliyyətlərinə dəstək veriləcək.
Bizi sosial şəbəkələrdən izləyin!!
