Aİ-də benzin və dizel qiymətləri 2022-ci ildən bəri rekord səviyyədə artıb | Banco.az

Aİ-də benzin və dizel qiymətləri 2022-ci ildən bəri rekord səviyyədə artıb

Müəllif: Mehin Qasımova, Banco.az

Avropa İttifaqı ölkələrində yanacaq qiymətlərində artım tendensiyası davam edir. 2026-cı ilin mart ayında benzin və dizel yanacağının qiymətləri 2025-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 9,4% və 19,8% artıb.

Banco.az xəbər verir ki, bu barədə Eurostat məlumat yayıb.

Bu, 2022-ci ildən bəri ən sürətli artımdır. Məlumata görə, dizel yanacağında ən yüksək qiymət artımı Çexiya və İsveç (+27,6%), Estoniya (+26,8%), Latviya (+25,4%), eləcə də Belçika və Niderland (+25,2%) qeydə alınıb. Digər ölkələrdə isə artım orta hesabla 10% ətrafında olub.

Əksinə, Macarıstan qiymət artımının ən aşağı olduğu ölkələr sırasında yer alıb. Bu ölkədə dizel yanacağı 7%, benzin isə 4,7% bahalaşıb.

Qeyd edək ki, yanacaq qiymətlərində kəskin artım əvvəlki illərdə də müşahidə olunub. Belə ki, 2022-ci ilin noyabr ayında Avropa İttifaqı ölkələrində dizel yanacağı 22,4%, həmin ilin oktyabr ayında isə benzin 9,6% bahalaşıb.