"Açıq bankçılıq" üzrə maksimum köçürmə limiti açıqlanıb | Banco.az

"Açıq bankçılıq" üzrə maksimum köçürmə limiti açıqlanıb

Azərbaycanda "Açıq Bankçılıq" üzrə maksimum köçürmə limiti 40 min manat olması nəzərdə tutulur.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Texnologiyaları və İnnovasiyalar departamentinin açıq bankçılıq üzrə mütəxəssisi Elmar Didəkənan bildirib.

"Köçürmələr Ani Ödənişlər Sistemi (AÖS) üzərindən olmalıdır. Maksimum limit o demək deyil ki, hər bir vətəndaş 40 min manat köçürə bilər. Banklar öz risk iştahlarına əsasən fərqli limit təyin eləyə bilərlər. Məsələn, hansısa bank 5 min manata qədər, hansısa bank 10 min manata qədər köçürməyə icazə verə bilər. Köçürməni siz digər vətəndaşın FİN kodunu, mobil nömrəsini, IBAN hesabının nömrəsini yazmaqla edə bilərsiniz", - deyə o qeyd edib.

AMB rəsmisinin sözlərinə görə, "Açıq Bankçılıq" üzrə komissiyanı banklar özləri müəyyənləşdirəcək: "Komissiya haqqının tutulması, sırf banka aid biznes istəyidir. Ola bilər ki, bank bu komissiyaları ümumiyyətlə tətbiq etməsin. Biz hər hansı bir maliyyə subyektinin biznesinə qadağa qoymağı və ya limitləməyi nəzərdə tutmuruq. Lakin bir şeyi deyə bilərik ki, hesablar üzərindən köçürmə olanda, qeyd elədiyim kimi, xərclər daha az olur və düşünürəm ki, banklar bu məsələni nəzərə alıb daha sərfəli şərtlərlə köçürmələri icra edə bilərlər. Bununla belə, kredit kartlarından "Açıq bankçılıq" çərçivəsində belə köçürmə olsa yenə komissiya tətbiq ediləcək".

"Açıq bankçılıq"la "Visa" və "Mastercard"ı bazardan sıxışdırıb, çıxarmaq mümkün deyil: "Doğrudur, "Visa" və "Mastercard"ın xərcləri çox olur, amma heç bir ölkədə sanksiya qoymadan onları bazardan kənarlaşdırmaq mümkün deyil. "Açıq bankçılıq" sadəcə bir alternativ kanal olaraq digər ödəniş aləti kimi təqdim olunur. Təbii ki, yenə də böyük dövriyyə ilkin vaxtlarda "Visa" və "Mastercard" üzərindən keçəcək, amma ehtimal edirəm ki, hansısa mərhələdə "hesabdan-hesaba" ödənişləri üstünlük təşkil edəcək".