Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ süni intellekt şirkəti “Anthropic”in "Mythos" modelinə qoyulan məhdudiyyətləri yumşaldıb.
Banco.az xəbər verir ki, ABŞ administrasiyasının milli təhlükəsizlik səbəbləri ilə məhdudiyyət tətbiq etdiyi “Anthropic” şirkətinin “Claude Mythos 5” adlı süni intellekt modelinin müəyyən qurumların istifadəsinə açılmasına icazə verdiyi bildirilib.
“CNN”in məlumatına görə, ABŞ-ın Ticarət Naziri Hovard Latnik iyun ayında tətbiq edilən ixrac nəzarəti ilə bağlı şirkətə məktub göndərib.
Məktubda Latnik qeyd edib ki, “Anthropic” risklərin aradan qaldırılması istiqamətində hökumətlə əməkdaşlıq edir. O bildirib ki, yalnız hökumət tərəfindən təsdiqlənmiş məhdud sayda tərəfdaşın “Mythos 5” modelinə çıxışına icazə verilib.
Bununla yanaşı, Latnik məktubunda şirkətin digər modeli olan “Fable” ilə bağlı hər hansı icazənin nəzərdə tutulmadığını vurğulayıb.
“Anthropic” tərəfindən verilən açıqlamada isə təsdiqlənmiş tərəfdaşların “Mythos” modelinə çıxışının mümkün olan ən qısa müddətdə təmin edilməsi istiqamətində işlərin aparıldığı bildirilib.
“CNN”ə danışan bir mənbə isə eyni icazənin “Fable” modeli üçün də verilməsi məqsədilə ABŞ hökuməti ilə “Anthropic” arasında danışıqların davam edəcəyini iddia edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
