Bu gün Dubayda (BƏƏ) sayca 35-ci "SIBOS 2013" Beynəlxalq maliyyə sənayesi forum-sərgisi başlayır. Ötən il olduğu kimi regionun sərgidə eksponent qismində yeganə təmsilçisi Azərbaycanın ən iri banklarından biri olan PAŞA Bankdır.
SIBOS-un iclaslarında beynəlxalq maliyyə bazarlarının hazırkı vəziyyəti, onların infrastrukturlarının inkişaf yolları, bank və korporasiyaların qarşılıqlı əlaqələri, kapital və investisiyaların hərəkəti, yeni maliyyə xidmətlərinin inkişafı da daxil olmaqla dünya maliyyə sənayesinin geniş əhatəli aktual problemləri müzakirə olunur.
"SIBOS 2013" çərçivəsində planlaşdırılan konfransın başlıca mövzuları "Qlobal dinamika və regional trendlər", "İmplementasiya və yeni imkanların müəyyənləşdirilməsi" və s. olacaq.
Bu, SIBOS-un Azərbaycanın ən iri banklarından biri olan PAŞA Bankın fəal iştirak etdiyi 4-cü beynəlxalq forumudur. Bankın bu əhəmiyyətli maliyyə tədbirində növbəti iştirakı onun özünün imkanları və son bir il ərzində qazandığı nailiyyətləri nümayiş etdirmək, habelə yeni işgüzar əlaqələrin yaradılması və bank işində tətbiq olunan texnoloji yeniliklərlə tanışlığı baxımından olduqca əlverişli bir məqamdır.
Təşkilatçısının Dünya İnterbank Maliyyə Telekommunikasiyalarının Birliyi (Society For Worldwide Interbank Financial Telecommunication, SWIFT) olduğu "SIBOS 2013" sentyabrın 19-da başa çatacaq. Gələn il Forum ABŞ-ın Boston şəhərində keçiriləcəkdir.