Bakı, 25may,2016 il.24 may tarixində Bakıda Moody's agentliyinin ölkədə və regionda aktual kredit risklərinin müzakirəsinə həsr olunmuş illik konfransı keçirildi. Tədbirdə Dünya Bankının, bank və sığorta sektorlarının, investisiya idarəçiliyi üzrə ixtisaslaşmış şirkətlərin nümayəndələri, həmçinin müstəqil məsləhətçilər iştirak etdi. Həmçinin konfransın spikeri qismində PAŞA Bankın Risklərin İdarəedilməsi üzrə Baş Direktoru Mənsur Məmmədov çıxış etdi.
Tədbirdə Moody's agentliyinin ekspertləri makro-iqtisadi şəraitə, həmçinin son zamanlar Azərbaycan və region iqtisadiyyatında baş vermiş dəyişikliklərə həsr olunmuş təqdimatlarla çıxış etdilər. Maliyyə sektoruna bu və ya digər qaydada təsir göstərmiş tendensiyaları qiymətləndirməklə, agentliyin analitikləri konfransın iştirakçıları ilə maliyyələşdirmə mənbələrinin müxtəlifliyi, MDB ölkələri üçün valyuta risklərinin aktuallığı və digər mövzuları müzakirə etdilər.
Konfrans çərçivəsində həmçinin dünya neft bazarında dəyişkənlik və aşağı qiymətlərin Azərbaycanın biznes iqliminə və bank sektorunun inkişafına təsiri məsələlərinə həsr edilmiş ayrıca müzakirələr paneli keçirilmişdir. Konfrans iştirakçıları qarşısında çıxış edən Mənsur Məmmədov iştirakçıların diqqətinə hökumətin həyata keçirdiyi bir sıra iqtisadi təşəbbüslərin artıq ölkənin işgüzar iqliminə və, ümumiyyətlə, iqtisadiyyatına öz müsbət təsirini göstərdiyini çatdırmışdır.
“Hazırkı makro-iqtisadi şərait iqtisadiyyatın qeyri-neft sektorunun, fərdi olaraq kənd təsərrüfatı, ticarət və xidmət, informasiya texnologiyaları, turizm kimi sahələrin inkişafı üçün geniş üfüqlər açır. Risklərin idarəedilməsi də daxil olmaqla müvafiq sahələrdə geniş təcrübəyə və peşəkarlığa malik PAŞA Bank isə öz növbəsində real sektorun etibarlı tərəfdaşı simasında çıxış etməyə hazırdır”, - deyə M. Məmmədov çıxışını yekunlaşdırdı.