Dünəndən Azər Türk Bank və ASAN Xidmətin birgə təşkilatçılığı ilə "ASAN Könüllüləri" Təşkilatının üzvləri üçün 1 aylıq təlimlərə start verilib. Əhalinin maliyyə savadlılığının artırılmasına dəstək məqsədi ilə reallaşdırılan layihə çərçivəsində təşkil olunacaq təlimlər zamanı Azər Türk Bankın əməkdaşları könüllülərin iqtisadiyyat, maliyyə, bank sektoru ilə bağlı biliklərinin artırılmasına kömək göstərəcək, onları maraqlandıran sualları cavablandıracaqlar.
Layihənin iştirakçısı olmuş könüllülərin təlimlərdə əldə etdikləri bilik və bacarıqlar onların şəxsi inkişafını təmin edəcək, gələcək fəaliyyətləri üçün stimul rolu oynayacaq və təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq. Bu da "ASAN Könüllüləri" Təşkilatının üzvlərinin gələcək kariyeraları üçün mühüm əhəmiyyət kəsb edir.
Qeyd edək ki, təlimlərin il ərzində müntəzəm şəkildə təşkil olunması nəzərdə tutulub. Növbəti təlimlərlə bağlı ətraflı məlumat Azər Türk Bankın rəsmi www.azerturkbank.az saytında, Bankın sosial şəbəkələrdəki korporativ səhifələrində yerləşdiriləcək.