“Fitch-Ratings” Azərbaycan Beynəlxalq Bankının reytinqini eyni səviyyədə saxlayıb. Azərbaycan Beynəlxalq Bankının mətbuat xidmətindən verilən məlumata görə, “Fitch-Ratings” Beynəlxalq Reytinq Agentliyi Azərbaycan Beynəlxalq Bankının uzunmüddətli defolt emitenti reytinqini “BB” səviyyəsində saxlayıb.
Agentliyin eyni vaxtda bu istiqamətdə qiymətləndirməsini apardığı digər iki Azərbaycan bankı kimi ABB-nin reytinq üzrə proqnozu da neqativ göstərilib.
Bu, isə “Fitch-Ratings”in dünya bazarında neftin qiymətinin ucuzlaşması amilini nəzərə alaraq ölkənin uzunmüddətli defolt emitenti və suveren reytinqində etdiyi 26 fevral 2016-cı il tarixli dəyişikliklərlə bağlıdır.
Verilmiş reytinqlərin şərhi bölməsində Azərbaycan hökumətinin ABB-ə dəstəyi davam etdirdiyi bildirilib. Bu da Bankın sistem əhəmiyyətliliyi, onun aktivlərinin ölkə üzrə ümumi bank aktivlərinin 35%-i təşkil etməsi və s. bu kimi məqamlarla əsaslandırılıb. Bankın sağlamlaşdırılması ilə bağlı həyata keçirilən tədbirlərin əhəmiyyəti yüksək qiymətləndirilib.
Bildirilib ki, dövlətin dəstəyi ilə sağlamlaşdırılma tədbirləri 2016-cı ildə də davam etdiriləcəyi təqdirdə bankın reytinqləri yüksələ bilər.
Qeyd edək ki, son illər ərzində “Fitch-Ratings”-in Azərbaycan Beynəlxalq Bankına verdiyi müvafiq reytinq ölkə reytinqindən iki pillə geri qalırdı.
Agentliyin Bankın reytinqinin eyni səviyyədə saxlanması barədə son qərarından sonra isə bu fərq bir pilləyə qədər azalmış oldu ki, bu da ötən aylar ərzində Azərbaycan Beynəlxalq Bankında aparılmış sağlamlaşdırma tədbirlərinin ilkin müsbət nəticələrindən biri kimi nəzərdən keçirilə bilər.