İndi Bank Respublika müştəriləri vəsaitlərin cari hesablarına yatırılması əməliyyatlarını MilliÖN terminalları vasitəsilə həyata keçirə bilərlər. Bu xidmət həmçinin müştərilərə plastik kartların balansını artırmaq və kredit borclarını banka gəlmədən ödəmək imkanı yaradır. Hal-hazırda MilliÖN şəbəkəsində 1500-dən artıq ödəniş terminalı xidmət göstərir.
Müştərinin krediti olduğu halda yatırılan məbləğ avtomatik qaydada kredit qrafikinə uyğun çıxılacaq. Yatırılan vəsait ödəniş qrafikində nəzərdə tutulmuş məbləğdən artıq olarsa – qalıq məbləğ cari hesabda tələb olunanadək saxlanılacaq. Kredit qrafikinə əsasən tələb olunan məbləğdən artıq məbləğdə kredit borcunun ödənilməsi üçün müştəri ona yaxın olan istənilən bank filialına bilavasitə müraciət etməlidir.
Plastik kart hesabına vəsaitin yatırılması bir iş günü ərzində və yaxud növbəti iş günündə (əməliyyat qeyri-iş günlərində aparılanda) yerinə yetirilir.
Bu xidmət vasitəsilə maksimum 3 000 manat, dollar və ya avro yatırmaq mümkündür. Onu da qeyd edək ki, əlavə olunan məbləğ cari hesabın valyutasına uyğun olmalıdır. Bu xidmət üçün heç bir komissiya haqqı tutulmur.
Yeni xidmətdən istifadə qaydası olduqca rahat və sadədir: MilliÖN terminalın monitorunda “Bank xidmətləri” işarəsini seçdikdən sonra “Bank Respublika” düyməsinə toxunmaq lazımdır. Bank müştərisi müvafiq xanalara hesab nömrəsi və şəxsiyyət vəsiqəsinin seriyasını daxil edir, tələb olunan məbləği yatırır və qəbzin verilməsini gözləyir.
Yeni bank xidməti Bank Respublikanın məsəfəli bankçilıq sahəsində tətbiq etdiyi yeniliklər silsiləsinin davamıdır. Hal-hazırda bu səpkidə olan xidmətlərdən fəal istifadə olunanlar internet vasitəsi ilə kreditin onlayn ödənişi, MobilBank və bankomatlar şəbəkəsini qeyd etmək olar. Bunlardan əlavə, plastik kartların onlayn sifarişi və kredit almaq üçün onlayn müraciət ərizəsi bankın yeni müştəriləri arasında populyarlıq qazanıb.
Yaxın zamanda mövcud müştərilər üçün “Bankın internet şöbəsi” layihəsinin istifadəyə verilməsi nəzərdə tutulub. Bu xidmət vasitəsilə bank məhsulları ilə banka gəlmədən hərtərəfli istifadə etmək mümkün olacaq.