Azərbaycan Beynəlxalq Bankı (ABB) Avropa bankları arasında ilk dəfə islam bankçılığı tələblərinə cavab verən "Qiblə" kartını təqdim edib. Trend-in məlumatına görə, çərşənbə günü Azərbaycan Beynəlxalq Bankının İslam bankçılığı departamentinin rəhbəri Bəhnam Qurbanzadə təqdimat zamanı bildirib ki, kart yaxın vaxtlarda dövriyyəyə buraxılacaq. Kartın dəyəri 40 manat təşkil edir.
Bu debet kart "MasterCard Platinum"la birgə buraxılıb. O, qeyri-adi dizaynla hazırlanıb və
Məkkənin istiqamətini göstərən elektron kompasla təchiz olunub. Onun köməkliyi ilə kart sahibləri hesablarından vəsaitləri nağdılaşdıra, o cümlədən müxtəlif məhsullar və xidmətlərə görə ödəniş edə bilərlər.
"Qiblə" kartı debet kart kimi buraxılacaq, lakin həm də bank tərəfindən verilən borc limiti kimi də istifadə oluna bilər. Limitin müddətinin uzadılması borc ödənişi müddətinin sonunda kart sahibi ilə müzakirə olunur. Kart sahibi tərəfindən qaytarılan borc kartın balansına oturur və bununla da borc limiti bərpa olunur.