“AtaBank” ASC özünün Korporativ Sosial Məsuliyyəti çərçivəsində növbəti xeyriyyəçilik aksiyasını yerinə yetirmişdir. “AtaBank” ASC-nin köməyi sayəsində Şağan qəsəbəsindəki 3 saylı uşaq internat-evində Novruz bayramı keçirilmişdir.
2015-ci il martın 19-da internat evinin fiziki və əqli qüsurlu şagirdləri üçün müxtəlif viktorina və müsabiqələrlə şənlik təşkil edilmişdi. Gənc iştirakçılar öz rəssamlıq qabiliyyətlərini, rəqs etmək, mahnı oxumaq, şeir demək bacarıqlarını nümayiş etdirdilər. Müsabiqənin yekunları üzrə ən yaxşı şeir deyənlərə və mahnı ifaçılarına “AtaBank” ASC-nin hədiyyələri təqdim edildi. Sonra peşəkar rəqs müəllimi Nərgiz Osmanovanın rəhbərliyi ilə uşaqlar zumba rəqsi oynadılar. Şən musiqi, rəqslər şirniyyatlar və ləziz yeməklər əsl Bahar bayramı ab-havası yaratdı. Tədbirdə iştirak edən, “AtaBank” ASC-nin İcraçı direktoru - İdarə Heyətinin üzvü Elnur Osmanov dedi: “Aksiyamızın məqsədi valideyn himayəsindən məhrum olan uşaqların Novruz bayramını təbrik etmək arzusu və onlar üçün bayram şənliyi təşkil etmək idi. Uşaqlar bizim gələcəyimizdir, onların ehtiyaclarına və ümidlərinə həmişə diqqətlə yanaşmaq lazımdır. Biz bu gün Novruz bayramını qarşılamaq üçün toplaşmışıq. Qoy bu gün gülüş səsləri, şən zarafatlar, təbəssümlər hamını sevindirsin!”