AccessBank Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən təşkil olunan 17 yaşınadək (U-17) futbolçular arasında 29 may-5 iyun tarixlərində keçirilən 3-cü beynəlxalq «Caspian Cup» futbol turnirinin keçirilməsinə təşkilati dəstək verdi.
Yarışda 12 ölkənin milli yığma komandaları iştirak edib. «А» qrupunda Azərbaycan, ABŞ, Qırğızıstan, «В» qrupunda Qazaxıstan, Bolqarıstan, Gürcüstan, «C» qrupunda Özbəkistan, Türkiyə, İordaniya, «D» qrupunda isə Uruqvay, Yaponiya və Tacikistan yığmaları mübarizə aparıb. Oyunlar iki meydançada: «Dalğa Arena» və “Bayıl” stadionlarında keçirilib. Turnirin son günündə üçüncü yer uğrunda Gürcüstan və Yaponiya komandaları qarşılaşıb. Penalti seriyasında 5:3 hesabı ilə qalib gələn Yaponiya yığmasıturnirin bürünc mükafatçısı olub. Finalda isə Azərbaycan və Türkiyə yığmaları üz-üzə gəlib. 4:1 hesabı ilə qələbə qazanan Türkiyə yığması III Caspian Cup beynəlxalq turnirinin qalibi olub. Turnirin sonunda futbolçular aşağıdakı nominasiyalarda mükafatlandırılıb: Turnirin ən yaxşı qapıçısı – Tarık Çetin (Türkiyə), Turnirin ən sərrast futbolçusu – Bruks Lennon– 7 qol (ABŞ), Turnirin ən yaxşı futbolçusu – Enes Ünal (Türkiyə) və Fair Play mükafatına Uruqvay yığması layiq görülüb.
AccessBank-ın Baş Meneceri Michael Hoffmann turnirin nəticələrini şərh edərək deyib: «Komandalar gözəl oyun nümayiş etdirdilər. Bu ilki Caspian Cup turniri növbəti dəfə ictimaiyyətin diqqətini cəlb edən uğurlu bir tədbir oldu. Biz bütün iştirakçılara yüksək nailiyyətlərə görə minnətdarlığımızı bildiririk».
2010-cu ilin aprel ayından etibarən AccessBank AFFA-nın və Azərbaycan milli futbol komandalarının, o cümlədən qadın yığma komandalarının, futzal üzrə yığma komandaların, çimərlik futbolu üzrə Azərbaycan yığma komandasının, eləcə də gənclər yığma komandalarının sponsorudur. Bank AFFA-nın Azərbaycan futbolunun inkişafına yönəldilmiş fəaliyyətini dəstəkləyərək idmanın inkişafına və sağlam həyat tərzinə öz töhfəsini verir.