Müəlif:Mehin Qasımova,Banco.az
“Tesla” şirkətinin baş direktoru İlon Maskın sərvəti 749 milyard dollara çatıb.
Banco.az xəbər verir ki, bu barədə Forbes nəşri məlumat yayıb.
Maskın sərvətindəki kəskin artım Delaver Ali Məhkəməsinin son qərarı ilə əlaqələndirilir. Belə ki, məhkəmə ötən il ləğv edilmiş və dəyəri 139 milyard dollar olan “Tesla” səhm opsionlarının bərpasına qərar verib. Qərardan sonra “Tesla” və “SpaceX” şirkətlərinin qurucusu dünyanın ən varlı insanları siyahısında mövqeyini daha da möhkəmləndirib.
Qeyd edək ki, iki il əvvəl aşağı instansiya məhkəməsi Maskın 2018-ci il üçün nəzərdə tutulan, bir vaxtlar 56 milyard dollar dəyərində olan kompensasiya paketini “ağlasığmaz” adlandıraraq ləğv etmişdi. Lakin Delaver Ali Məhkəməsi 2024-cü ildə həmin qərarın Mask üçün uyğunsuz və ədalətsiz olduğunu əsas gətirərək kompensasiya paketinin bərpasını məqsədəuyğun hesab edib.
Bu qərar Maskın 600 milyard dollarlıq sərvət həddini aşan ilk şəxs olmasından qısa müddət sonra verilib. Eyni zamanda, onun aerokosmik şirkəti olan SpaceX-in səhmlərinin yaxın gələcəkdə ictimaiyyətə açıla biləcəyi ilə bağlı yayılan şayiələr də investorların diqqətini cəlb edib.
