Ölkənin qabaqcıl investisiya şirkətlərindən olan “Unicapital İnvestisiya Şirkəti” maliyyə savadlılığının artırılması və rəqəmsal iqtisadiyyatın təşviqi istiqamətində fəaliyyətini davam etdirir. Bu çərçivədə, şirkətin Baş direktoru Vüqar Namazov Odlar Yurdu Universitetində (OYU) keçirilən “Rəqəmsal iqtisadiyyat şəraitində sahibkarlığın inkişaf mexanizmləri” mövzusunda elmi-praktik seminarda spiker qismində iştirak edib.
Universitetin akademik heyəti, gənc tədqiqatçılar və tələbələrin iştirakı ilə baş tutan tədbirdə rəqəmsallaşmanın müasir biznes mühitinə təsiri, investisiya trendləri və startap ekosistemi geniş müzakirə olunub.
Seminar zamanı i.ü.f.d. Vüqar Namazov rəqəmsal transformasiyanın investisiya bazarlarında yaratdığı yeni imkanlardan bəhs edərək, xüsusilə yerli bazarda şəffaflığın artırılması və müasir investisiya mədəniyyətinin formalaşdırılmasının vacibliyini vurğulayıb. O, qeyd edib ki, rəqəmsal platformaların inkişafı və maliyyə texnologiyalarının tətbiqi həm fərdi investorlar, həm də sahibkarlar üçün qlobal bazarlara çıxışı daha əlçatan edir.
Seminar qarşılıqlı müzakirələr və sual-cavab sessiyası ilə davam edib. Tədbir iştirakçıların mövzuya marağının yüksək olması və praktiki yanaşmaların paylaşılması ilə yadda qalıb.
Elm və biznes arasında körpü rolunu oynayan bu cür tədbirlər ölkədə dayanıqlı və innovativ iqtisadi inkişaf üçün vacibdir. “Unicapital İnvestisiya Şirkəti” bundan sonra da gənc mütəxəssislərin maliyyə bazarlarına inteqrasiyası və ölkədə investisiya mühitinin inkişafına dəstək verən layihələrdə aktiv iştirakını davam etdirəcəkdir.

