Müəllif: Tamara Mustafayeva, Banco.az
Yaponiya xarici investisiyalara nəzarəti gücləndirmək üçün addımlar atır.
Banco.az xəbər verir ki, dövlət televiziyası “NHK”nin xəbərinə görə, Yaponiyada Nazirlər Kabineti xaricdən daxil olan investisiyalara nəzarətin sərtləşdirilməsini nəzərdə tutan Valyuta və Xarici Ticarət Qanununa dəyişiklik edilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib.
Yaponiya hökuməti bu layihə vasitəsilə kritik texnologiyaların və kəşfiyyat məlumatlarının sızmasının qarşısını almağı hədəfləyir.
Mövcud qanuna əsasən, xarici investorlar müəyyən sahələrdə fəaliyyət göstərən yapon şirkətlərinin səhmlərini alarkən hökumətə məlumat verməlidirlər. Təklif edilən dəyişiklik isə bu tələbin əhatə dairəsini “xarici hökumətin və ya dövlət şirkətinin təsiri altında olduğu ehtimal edilən” Yaponiya mənşəli investorların həyata keçirdiyi alışlara da şamil etməyi nəzərdə tutur.
Qanuna təklif olunan dəyişikliklərə görə, artıq bir yapon şirkətində paya malik olan xarici şirkəti başqa bir xarici şirkət satın aldığı halda da araşdırma aparılması planlaşdırılır. Bununla yanaşı, Maliyyə Nazirliyi və Milli Təhlükəsizlik Katibliyi kimi qurumlar arasında əməkdaşlığın gücləndirilməsi də nəzərdə tutulur.
ABŞ-da fəaliyyət göstərən Xarici İnvestisiyalar Komitəsinə bənzər bir qurum yaratmağı hədəfləyən hökumət, qanun layihəsini Yaponiya parlamenti olan Dietin iclası zamanı qanunlaşdırmağı planlaşdırır.
Bizi sosial şəbəkələrdən izləyin!!
